AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin əməkdaşları - kiçik elmi işçisi Nazim Gəraylı və mühəndis Elvin Soltanov iyul ayının 21-dən 31-dək Quba-Xaçmaz iqtisadi rayonunda çöl-tədqiqat işləri aparıblar.
Tədqiqat adı çəkilən ərazi üzrə çayların yuxarı və aşağı axınlarında su tutumunun dəyişməsi, çay yataqlarının morfoloji və ekoloji vəziyyəti, çaylara olan antropogen təsirlər (kənd təsərrüfatı, məişət tullantıları və s.), suyun keyfiyyəti və bioloji müxtəliflik göstəriciləri istiqamətləri üzrə çayların hidroloji və ekoloji vəziyyətinin öyrənilməsi məqsədini daşıyıb.
Tədqiqatçılar ilkin müşahidələr əsasında yuxarı axınlarda suyun təmizliyi və təbii axımının qorunduğunu, aşağı axınlarda isə çirklənmə və yataq daralmaları kimi problemlərin artdığını, bəzi çay sahələrində süni müdaxilələrin və mənbə yaxınlığında landşaft dəyişikliklərin olduğunu müəyyən ediblər.
Elmi işçilər tədqiqatın nəticələrinin regionda dayanıqlı su idarəçiliyi və ekoloji mühafizə tədbirləri üçün əhəmiyyətli baza rolunu oynayacağını diqqətə çatdırıblar.