“Ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk pilot layihə su ehtiyatlarından istifadənin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün yeni perspektivlər açır”. Bu sözləri AR ETN Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov “2 sahil” qəzetinə müsahibəsində deyib.
Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Hətta yaxın dövrdə suyun neftdən baha olacağı söylənilir. R.Mahmudov bildirib ki, 2023-cü ilin aprel ayında Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb: “Hesab edirəm ki, bu Sərəncamın icrası problemin həllinə yardımçı olacaqdır”.