Konfransın nəticələri 2014-09-22 22:03:00 / KONFRANSLAR

15-20 sentyabr 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şurasının XVIII birgə sessiyası, eləcə də “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışmış və “Cənubi Xəzər hövzəsinin neft və qaz potensialının geodinamiki modeli” mövzusunda məruzə ilə çıxış etmişdir.

Sonra  institutun direktoru, akademik Ramiz Məmmədov “İqlim dəyişmələrinin və antropogen yüklənmələrin Xəzər dənizinin ekosisteminə təsiri” mövzusunda məruzə etmişdir.

Daha sonra “Kürün  illik axınının təbii və antropogen transformasiyası”, “Xəzər dənizinin qərb sahili geosistemlərinin  landşaft-ekoloji xüsusiyyətləri”, “Əhalinin ərazi strukturu və Qafqaz regionunda modernləşmə proseslərinin perspektivləri”, “Azərbaycanın dağətəyi rayonlarında  məkan  planlaşdırılması”  və başqa mövzularda  məruzələr dinlənilib.

Ümumiyyətlə, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən 50-yə yaxın alim-mütəxəssisin, eləcə də Azərbaycandan olan 100-ə yaxın coğrafiyaçı alimin iştirak etdiyi tədbirdə 20-dən artıq   məruzə dinlənilib.

Sonrakı 2 gün ərzində konfrans öz işini Böyük  Qafqazın şimal-şərq yamacına və Xəzər  dənizinin sahillərinə təşkil olunmuş çöl ekspedisiyası ilə davam etdirmiş və müzakirələrə orada yekun vurulmuşdur.

Konfransda Xəzər dənizi regionunun fiziki, sosial-iqtisadi və coğrafi problemlərinin, həmiçinin Avrasiya məkanında müxtəlif coğrafi  (regional və lokal) ərazilərin dayanıqlı inkişafının kompleks coğrafi problemləri geniş müzakirə edilmişdir. Sessiya və konfransın iştirakçıları Xəzər dənizi regionu və digər ərazilərin dayanıqlı imkişafı problemlərinə dair “Bakı bəyannaməsi”nın qərar layihəsini  qəbul etmişlər.