Coğrafiya İnstitutunda demoqraf alimin 75 illik yubileyi qeyd edilib 2025-05-05 11:19:00 / YUBİLEYLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda  Demoqrafiya və əhali coğrafiyası  şöbəsinin sabiq şöbə müdiri c.ü.f.d. mərhum Nizami Əyyubovun  anadan olmasının 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Cİ əməkdaşları, dəvət olunmuş qonaqlar, mərhumun oğlu və nəvələri iştirak ediblər.

İnstitutun baş direktoru v.i.e. c.ü.f.d., dosent Zaur İmrani iştirakçıları salamlayaraq alimin elmi fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Nizami Əyyubov demoqrafiya sahəsində kifayət qədər xidmətləri olan Azərbaycanın dəyərli alimlərindən biridir.  O 1974-ü       ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək 1975-ci ildən ömrünün sonunadək Coğrafiya İnstitutunda fəaliyyət göstərib. 1983-cü ildə “Azərbaycan SSR-ın Kiçik Qafqaz hissəsində əhalinin məskunlaşmasının təkmilləşdirilməsinin sosial-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi  alimlik dərəcəsi alıb. 1986-cı ildən vəfatınadək Coğrafiya institutunda «Demoqrafiya və əhali coğrafiyası» şöbəsinə rəhbərlik edib. 

Alim özünün çoxillik coğrafi tədqiqatlarının nəticəsində Azərbaycanda əhalinin coğrafi məskunlaşması, sosial-iqtisadi dinamikasının təkmilləşməsi, Azərbaycanın konstruktiv coğrafiyası, fundamental monoqrafiyaların hazırlanmasında mühüm rol oynamışdır.

 O, “Azərbaycanda əhalinin məskunlaşması məsələləri” (müştərək, 1988) monoqrafiyasının, orta məktəbin 8-ci sinfi üçün “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” dərsliyinin və təkrar təkmilləşmiş nəşrlərin, “Azərbaycanın konstruktiv  coğrafiyası” (III cildlik), “Azərbaycan Respublikasının  Coğrafiyası” (II,III cildlər)  monoqrafiyalarının müəlliflərindən  və redaktorlarından  biridir. Bir coğrafi kitabçanın, 180-dən çox elmi və elmi-kütləvi məqalənin, orta ümumtəhsil və ali məktəbləri üçün coğrafiya proqramlarının və çoxsaylı tədris vəsaitlərinin  müəllifidir. Onun rəhbərliyi ilə demoqrafiya və əhali coğrafiyasının problemlərinə həsr olunmuş 10-dan çox elmi hesabat işi yerinə yetirilmişdir.

Sonra Demoqrafiya və əhali coğrafiyası  şöbəsinin müdiri vəzifəsini icra edən c.ü.f.d. Etibar Bədəlov N.Əyyubovun şöbə müdiri olduğu müddətdə onun elmi və ictimai fəaliyyətindın, yazdığı əsərlərin dəyərindən, işçilərə olan qayğıkeş münasibətdən və sairdən söhbət açıb və şöbənin hazırladığı alimin  həyat və yaradıcılığını əks etdirən video çarxı nümayiş etdirib.

Tədbirdə iştirak edən BDU-nun  kafedra müdiri professor Şövqi Göyçaylı, Cİ-nin şöbə müdirləri – c.e.d. dosent Nəriman Paşayev, c.ü.f.d. Habil Haqverdiyev, c.ü.f.d. dosent Mirnuh İsmayılov və professor Rza Mahmudov, Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, elmi işçilər – Tofiq Qurbanov, Rafiq İsmayılov, Luiza Salayeva və digərləri coğrafiyaçı alim haqqında xatirələrini bölüşüb, fikirlərini bildiriblər. Çıxış edənlər Nizami Əyyubovun demoqraf alim kimi fəaliyyətindən, bir insan kimi müsbət cəhətlərindən söhbət açıblar, elmi əsərləri, yanaşmaları ilə bilavasitə Azərbaycanın  coğrafiya elminin tərəqqisinə və milliləşməsinə xidmətindən bəhs ediblər, məktəblilərin coğrafiya elminə marağın artmasında, Azərbaycanın coğrafi məkan kimi yaxşı tanınmasında, vətənə məhəbbət, sevgi  və vətənpərvərlik hisslərinin aşılanmasında onun əvəzsiz rol oynadığını qeyd ediblər. Alimin ruhuna dualar oxunub, rəhmət dilənib.

Tədbirin sonunda Nizami Əyyubovun oğlu atası ilə bağlı bəzi maraqlı məqamları dilə gətirib və tədbirin təşkilinə, eləcə də atasının xatirəsini əziz tutduqlarına görə ailəsi adından Coğrafiya Institutunun kollektivinə və rəhbərliyinə dərin minnətdarlığını bildirib.