AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda "Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı elmi-praktiki konfrans keçirilib.
Konfransı keçirməkdə əsas məqsəd regionlarda və ölkəmizdə müasir coğrafiyanın problemlərini müzakirə etmək, onun həlli yollarını araşdırmaq, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək, fikir mübadiləsi aparmaq olub.
Konfrans öz işini Azərbaycanın himninin səslənməsi ilə başlayıb.
Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani tədbir iştirakçılarını salamlayaraq keçırılən tədbirin əhəmiyyətindən danışıb, keçirilən konfransın coğrafiya elminə növbəti töhfə verəcəyini, maraqlı məruzələr dinləniləcəyini diqqətə çatdırıb. Sonra o, tədbir iştirakçılarını konfransın proqramı ilə tanış edərək konfransın işinə uğurlar arzu edib.
Salamlama nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, Bakı Dövlər Universitetinin kafedra müdiri, professor Şövqi Göyçaylı, Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri prof. Rza Mahmudov və İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri dosent Mirnuh İsmayılov bildiriblər ki, regionların sosial-iqtisadi inkişafı həmişə alim və tədqiqatçılarımızın tədqiqat obyekti olub və coğrafiyaçılar bu sahədə xüsusilə fərqləniblər. İndiki mərhələdə regionların sosial-iqtisadi inkişafında Azərbaycanın yeni modelinin, yeni idarə olunmasının formalaşmasında coğrafi tədqiqatların rolu əhəmiyyətlidir. Çıxış edənlər Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə hazırlanan “Azərbaycanda coğrafiyanın nailiyyətləri və prioritet istiqamətləri” fundamental kitabının nəşrə verilməsini, korifey alimlərin fundamental tədqiqatlarının nəticələrinin orada yer aldığı diqqətə çatdırıblar, çıxışlarının sonunda konfransın işinə uğurlar arzu ediblər.
Plenar iclasda BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Müasir coğrafi tədqiqatlarda aktual mövzu seçiminin vacibliyi”, BDU-nun müəllimi, Türkiyənin Egey Universitetinin əməkdaşı, coğrafiya elmləri doktoru professor Aydın İbrahimov “Türk dünyası: “Formalaşma və inteqrasiyasinin əsas problemləri”, coğrafiya üzrə fəlsəfə doktoru Camal Hüseynov “İqlim dəyişmələrinin Azərbaycan ərazisinə təsirinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Fasilədən sonra konfrans işini bölmələr üzrə davam etdirib. İclasda “Qazax-Tovuz iqtisadi rayonunun tədris prosesində müşahidə edilən problemlər və onlardan çıxış yolları”, “İşğaldan azad edilmiş Xankəndi və yaxin ərazilərdə turizmin rekreasiya potensialının qiymətləndirilməsi”, “Ekoturizmin inkişafında Qızılağac Milli Parkının rolu”, “Naxçıvan Muxtar Respublikasında turizmin təkmilləşdirilməsi strategiyaları”, “Dolların Türkiyə iqtisadiyyatında rolu”, “Jordan formasına keçid: riyazi yanaşmalar, hesablama texnologiyaları, və tətbiqi sahələrdəki əhəmiyyəti”, “Klinoptilolitin ilbiz seliyi və nar çəyirdəyi ilə modifikasiyasi: ağir metal adsorbsiyasinin optimallaşdirilmasi”, “Azərbaycanın qalibiyyəti: yeni Qarabağ və müasir Naxçıvan”, Balakən rayonunda kəndlərin tipoloji təsnifatının əhalinin məskunlaşmasında rolu” və s. bu kimi məruzələr dinlənilib.
Dinlənilən məruzələr ətrafında müzakirələr edilib, fikir mübadiləsi aparılıb.
Sonda qərar layihəsi müzakirələrdən sonra qəbul edilib.