Coğrafiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü qeyd edilib 2025-02-27 10:33:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü qeyd edilib.
Öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
İnstitutun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani çıxış edərək Xocalı faciəsinin bütün insanlığa qarşı törədilmiş qanlı cinayət olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu soyqırımı nəticəsində 600-dən çox mülki şəxs, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı insan həyatını itirib, bir çox insan əsir götürülüb, işgəncələrə məruz qalıb. Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir. Xocalı sakinləri yalnız milliyyətləri və etnik mənsubiyyətləri üzündən hədəf alınıblar. Bu hadisə, Ermənistanın beynəlxalq hüququ və insan haqlarını pozan davranışlarını bir daha önə çəkib.

Xocalı soyqırımının dünya miqyasında müvafiq siyasi və hüquqi qiymət alması, gələcəkdə belə cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edir. Xocalı yalnız bir faciə deyil, həm də bir ümid, dirçəliş və yenidən doğuş simvoludur. Bu gün artıq Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub.
Azərbaycanın milli yaddaşında silinməz izlər açan bu soyqırımı aktı yalnız Azərbaycan xalqı üçün deyil, həm də bütün dünya üçün böyük bir sınaq oldu.
İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında qeyd edib ki, 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qəbul edilmiş qərara əsasən hər il fevralın 26-sında Xocalı faciəsi Azərbaycanın hər yerində qeyd edilir. Eləcə də ümummilli liderimizin 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən həmin gün saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Dinc insanlara qarşı törədilmiş bu vəhşi qətlyamın, soyqırımının heç zaman unudulmaması, gənc nəslə Xocalı haqqında doğru məlumatların çatdırılması, daima təhsil və təbliğat işlərinin aparılması olduqca mühüm məsələdir.

Çoğrafiya şöbə müdirləri professor Rza Mahmudov, coğrafiya üzrə fəlsəfə doktorları Ənvər Əliyev, Şamil Əzizov, coğrafiya elmləri doktoru Starə Tarixazər Xocalı faciəsi haqqında fikirlərini bölüşüblər, qəhrəman oğullarımızın Xocalı qurbanlarının qanının yerdə qoymadıqlarını və Xocalı sakinlərinin öz doğma torpaqlarına qayıdaraq firavan həyat sürəcəklərini dilə gətiriblər.
Tədbir iştirakçıları faciə qurbanlarına və Azərbaycanın bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımıza Allahdan rəhmət diləyib, ruhlarına dualar ediblər.