“Coğrafi terminlər və anlayışların izahlı lüğəti” işıq üzü görüb 2025-01-30 12:30:00 / YENİ NƏŞRLƏR

Dövlət İmtahan Mərkəzinin sifarişi ilə  hazırlanmış və çoxdan gözlənilən bu dəyərli vəsait qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulsa da bütün coğrafiyasevərlər üçün bir hədiyyə sayıla bilər.

 Kitabın elmi redaktoru professor Fərda İmanov, tərtibçiləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, baş direktor professor Zakir Eminov və şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılov, orta məktəb müəllimləri       Təranə Əfəndiyeva və Aygün Əliyevadır.

Kitaba ön söz olaraq şərh verən DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə lüğətin zəruriliyini önə çəkərək şagirdlərdə özünütəhsil vərdiş və bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün vəsaitin hazırlanmasının aktual məsələ olduğunu diqqətə çatdırıb. 

İlk dəfə nəşr edilən “Coğrafi terminlər və anlayışların izahlı lüğəti” ali və ümumtəhsil müəssisələrinin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən hazırlanıb. Müasir dünyada elmi sahələrdə və tədrisdə inteqrasiya proseslərinin genişlənməsi, eyni zamanda elmin, texnologiyaların inkişafı ilə bağlı olaraq beynəlxalq aləmdə bir sıra yeni terminlər və ifadələr yaranıb ki, onların izahına, şərhinə  böyük ehtiyac var. Bu baxımdan təqdim edilən lüğət xüsusi əhəmiyyətə malikdir.

Lüğətdə şəkil, sxem və diaqramlardan geniş istifadə olunub.

Qeyd etmək lazımdır ki, lüğət hazırlanarkən Coğrafiya İnstitutunda aparılan son tədqiqatların nəticələri də nəzərə alınıb.