AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib.
Öncə Vətən uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani bildirib ki, 20 Yanvar hadisələri faciə olmaqla yanaşı həm də xalqımızın əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlarda həkk olundu. Bu tarix artıq 35 ildir ki, hər il ölkəmizdə qeyd olunur. Bu belə də olmalıdır, çünki tarixi unudanın gələcəyi olmaz. Tarixi araşdırmaq, ondan nəticə çıxarmaq bizim borcumuzdur.
20 Yanvar tarixini xalqımızın qəhrəmanlıq günü adlandıran İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında xalqımızın qəhrəmanlığı sayəsində Vətənimizin suverenliyinin bərpa olunduğunu diqqətə çatdırıb. O bildirib ki, xalqımızın qəhrəmanlıq tarixi 20 Yanvardan öncə - Milli Azadlıq Hərəkatının yarandığı vaxtdan başlamışdı və buna görə də 1988-ci il bizim xalq İlin xalqı elan edilmişdi. Nəhayət, Şuşanın alındığı gün - Zəfər günümüz də xalqımızın qəhrəmanlığının nəticəsidir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 20 Yanvar tarixini qeyd edir və təbliğ edirlər. Bizim hər birimizin borcudur ki, xalqın başına gətirilən bəlalarla bərabər onun şücaətini də yadımızda saxlayaq, təbliğ edək və yaşadaq. Xalqımız çoxlu şəhid versə də bu şəhidlik həmişə ölkəmizin suverenliyi uğrunda baş verib, bu da bir daha xalqımızin azadlıqsevər, mərd, qəhrəman bir xalq olduğunu bir daha sübut edir!
Sonra şöbə müdirləri c.ü.f.d. Habil Haqverdiyev və c.ü.f.d. Solmaz Rzayeva, aparıcı elmi işçi, c.e.d. Stara Tarixazər, böyük elmi işçi, c.ü.f.d. Natiq Babayev da çıxışlarında qanlı Yanvar hadisələri ilə əlaqədar fikirlərini və xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.