“Ростки” Təşkilat Komitəsinin dəvəti ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov RF Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən "Tumurcuqlar: Rusiya və Çin - qarşılıqlı faydalı əməkdaşlıq" adlı ikinci böyük beynəlxalq forumda iştirak edib.
Rusiya regionları ilə Çin əyalətləri arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yeni platforma olan bu forum rekord sayda iştirakçını - 36 ölkədən 10 mindən çox nümayəndəni bir araya gətirib.
Tədbirdə azərbaycanlı alim “Azərbaycan Respublikasinda şəhər prosesinin inkişafinin regional xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycan rayonlarında urbanizasiya məsələləri, İqtisadi rayonların ümumi və şəhər əhalisi, əhali artımı, iqtisadi sahələrdə demoqrafik göstəricilər, Azərbaycanın aqlomerasiyaları, şəhər və qəsəbələrinin əhali sayı, təbii coğrafi şəraitin, təbii və su ehtiyatları ilə təminatın şəhərlərin inkişafına təsiri, işğaldan azad edilmiş ərazilərdə əhali məskunlaşması, Qarabağın bərpası sahəsində Dövlət Proqramının həyata keçirilməsi üzrə aparılan işlər, regionun davamlı demoqrafik və sosial-mədəni inkişafı, çaylarda suyun azalması ilə əlaqədar kənd təsərrüfatında yaranan problemlərin əhalinin həyat şəraitinə təsiri, və s. haqqında geniş məlumat verib.
Forum çərçivəsində iştirakçılar Tatarıstanın təhsil, İT innovasiyası və sənaye sahələrində əsas obyektlərlə də tanış olmaq imkanı əldə ediblər.