Elmi seminarda Volqa çayının Xəzərə təsiri barəsində məruzə dinlənilib 2024-10-09 17:47:00 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.

Baş direktor professor Zakir Eminovun sədrliyi ilə keçən iclasda Xəzər dənizinin hidrometeorologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov “Volqa çayının hidroloji rejimində baş verən dəyişikliklər və onların Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsiri” (“Changes in the Hydrological Regime of the Volga River and Their Influence on Caspian Sea Level Fluctuations”)   mövzusunda məruzə ilə çıxış edib.

Müəlliflər – c.e.d. Səid Səfərov, c.ü.f.d. Elnur Səfərov və c.ü.f.d.Emil Bayramovun adi çəkilən məqaləsi yüksək reytinqli Water jurnalında  (2024, 16(12), 1744; https://doi.org/10.3390/w16121744) dərc  edilib.

Bildirilib ki, 1938-ci ildən 2020-ci ilə qədər Volqa çayında baş verən hidroloji dəyişiklikləri və onların Xəzər dənizinin səviyyəsinə təsirlərini araşdıran tədqiqatçilar Volqa çayının yüksək axını ilə onun hövzəsində artan atmosfer yağıntıları arasında korrelyasiya olduğunu aşkar ediblər. Bununla belə, son illərdə (2005-2020-ci illər) Verxneye Lebyazhie hidroloji stansiyasında qlobal temperatur anomaliyalarını üstələyən iqlim istiləşməsi ilə əlaqədar olan axın əmsalının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib. Bu istiləşmənin çay axınına və dəniz səviyyəsinə təsiri ölçülüb və nəticədə 1977-ci ildən 2020-ci ilə qədər dəniz səviyyəsində 133 sm azalma olduğu müşahidə edilib.

Məruzəçi qeyd edib ki, tarixən Xəzər dənizinin səviyyəsinin dəyişməsi 2005-ci ilə qədər Volqa çayının axınındakı dalğalanmaları əks etdirsə də, 2006-cı ildən dəniz səviyyəsi çay axınının dəyişməsindən asılı olaraq nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Son tədqiqatlarla müqayisə göstərir ki, Xəzər dənizi üzərində səthin buxarlanmasına təsir edən külək xüsusiyyətlərinin dəyişməsi son illərdə dəniz səviyyəsinin belə sürətlə azalmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş ola bilər.