Azərbaycanda qonaq olan polşalı alimlər - Jan Kochanowski Universitetinin Coğrafiya İnstitutunun professoru Dr. Mariya Görska-Zabielska və Lodz Universiteti, Coğrafiya elmləri fakültəsinin Geologiya və geomorfologiya kafedrasının professoru Lyuçina Vaçeka-Kotkovskaya AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.
Qonaqlar əvvəlcə İnstitutun elmi-tədqiqat şöbələri və kitabxana ilə tanış olublar. Institut rəhbərliyi ilə görüş zamanı tərəflər Coğrafiya İnstitutu ilə Polşanın adı çəkilən universitetləri arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanması üçün zəmin yarandığını qeyd ediblər. Görüş İnstitutun akt zalında davam edib.
Professor Dr. Mariya Görska-Zabielska “Scandinavian erratic boulders in NW Poland - geological heritage, conservation and geotourism promotion” (Şimali Qərbi Polşada Skandinaviya nizamsız daşları - geoloji irs, konservasiya və geoturizmin təbliği) mövzusunda təqdimatla çıxış edib.
Sonra tədbir iştirakçıları Prof. Dr. Lyuçina Vaçeka-Kotkovskayanın “Geology and geomorphology of central Poland” (Mərkəzi Polşanın geologiyası və geomorfologiyası) və “The main geotouristic atractions of the middle Poland” (Orta Polşanın əsas geoturistik atraksionları) mövzusunda məruzələrini dinləyiblər.
Maraqla dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər bir-birlərinə kitab və suvenirlər hədiyyə ediblər.