Coğrafiya İnstitutunun əməkdaşı BMT çərçivəsində sammitdə iştirak edib 2024-09-23 18:18:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin aparıcı elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov BMT-nin himayəsi altında Davamlı İnkişaf Məqsədləri layihəsi (SDG 7) çərçivəsində ABŞ-ın SPRINGER NATURE nəşriyyatı tərəfindən keçirilən “Latın Amerikası və Karib hövzəsində Davamlı İnkişaf Məqsədləri” sammitində iştirak edib.

Tədbirdə təhsildəki çatışmazlıqların aradan qaldırılması, bölgədəki bərabərsizliklə bağlı mürəkkəb problemlərin həlli, hamı üçün ədalətli təhsil verən inklüziv siyasətin  tətbiqi üçün innovativ strategiyalar, bərpa olunan enerji mənbələrinin mümkün inkişaf  yolları və s. müzakirə olunub.

Qeyd etmək lazimdir ki, alim bu sammitə keçən il keçirilən 3-cü Beynəlxalq Sosial Elmlər, İnnovasiyalar və Təhsil Texnologiyaları Konqresində “Radiasiya tullantılarının əmələ gəlməsində meteoroloji və coğrafi amillərin rolu” mövzusunda etdiyi məruzəsinə görə dəvət alıb. Təşkilatçılar bu məruzədə  İ.Zeynalovun  problemə yeni baxışını xüsusi dəyərləndiriblər.

Elmi işçiyə  SPRINGER NATURE nəşriyyatının sertifikatı təqdim edilib.