AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən hazırlanmış 6-11-ci sinif şagirdləri üçün coğrafiya atlası yenicə çapdan çıxıb.
Azərbaycanın ümumtəhsil məktəblərində fənn tədrisinin keyfiyyətini artırmaq məqsədilə dərsliklər mütəmadi olaraq yenilənir, daha zəngin məlumatlarla təchiz edilir və dövri olaraq yenidən nəşr olunur. Coğrafiya dərsində istifadə olunan dərsliklərlə yanaşı, əlavə materialların, xəritələrin və məlumat kitablarının hazırlanması da vacibdir. Bu vəsaitlər müəyyən mövzuların öyrənilməsində əsas informasiya mənbəyi kimi çıxış edir.
Bu gün dünyanın əksər regionlarında, o cümlədən Azərbaycanda baş verən sosial-demoqrafik, ictimai-siyasi və iqtisadi proseslərin xəritələrdə əks etdirilməsi önəmlidir. Siyasi, həmçinin siyasi-inzibati xəritələrdə olan dəyişikliklər, coğrafi adların yenilənməsi və iqtisadi inkişafdakı irəliləyişlərin bu materiallarda əks olunması tədris prosesinin daha effektiv aparılmasına kömək edir.
Yeni nəşr edilmiş coğrafiya atlası yüksək keyfiyyətlə işlənib, onun elektron bazası yenilənib. Son dövrlərdə Azərbaycanın siyasi-inzibati xəritəsində və iqtisadi inkişafında baş verən dəyişikliklər, iqtisadi rayonların sərhədlərinin yenidən müəyyənləşdirilməsi də atlasdakı xəritələrdə öz əksini tapıb.
Atlasın redaksiya heyəti və rəyçiləri də təzələnib. "Chaşıoğlu Eİ" MMC-də nəşr edilmiş xəritələr toplusunun üzərində İnstitutun baş direktoru professor Zakir Eminov, 175 saylı məktəbin coğrafiya müəllimi Aygün Əliyeva, Təhsil İnstitutunun böyük elmi işçisi Təranə İsmayılova, BDU-nun kafedra müdiri Saleh Nağıyev, Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev işləmişlər. Rəyçilər - BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri Solmaz Rzayeva və İlahə Kərimovadır.
Hesab edirik ki, yeni nəşr edilmiş Atlas müəllimlər və şagirdlərin ondan istifadəsini asanlaşdıracaq. Həmçinin, bu atlas ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr üçün də faydalı bilik mənbəyi olacaq.