AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlının 50 yaşı tamam olub.
K.Ramazanlı 31 avqust 1974-cü ildə Gürcüstanın Bolnisi rayonunun Aşağı Güləver kəndində anadan olub. 1991-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirərək, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Müəyyən dövrlərdə “Qafqaz” jurnalında, “Şərq” qəzetində çalışıb. 2007-2010-cu illərdə Milli Məclisdə deputat köməkçisi vəzifəsində işləyib. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində baş məsləhətçi işləyib. 1998-2005-ci illərdə SABAH Gənclər Birliyinin, 2008-2013-cu illərdə Qafqaz Araşdırmaları Mərkəzinin sədri olub. 2019-cu ilin sentyabr ayından SOYDAŞ İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir.
K.Ramazanlı Gürcüstan-Azərbaycan münasibətlərində, xalqlarımızın və ölkələrimizin dostluq münasibətlərində, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı problemlərin gündəmə gətirilməsində xüsusi rol oynayıb.
Ötən il həmmüəllifi olduğu “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı Bakıda və Tbilisi şəhərlərində təqdim olunub. 2023-cü ildə Tbilisidə Azərbaycan və gürcü dillərində çapdan çıxmış “Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” kitabının təqdimatı keçirilib.
K.Ramazanlı bu ilin fevral ayında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar təşkilatının sədri seçilib.
Yubilyarı 50 yaşı münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.