Almaniya Universiteti tələbələrinin səfəri davam edir 2024-08-26 13:01:00 / MÜHÜM HADİSƏLƏR

Almaniyanın Gissen şəhərindəki Yustus Libix Universitetinin AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda təcrübə keçən tələbələri Florian Behrens və Gülay Göktaş müəssisələr arasında bağlanmış əməkdaşlıq çərçivəsində Samur-Yalama Milli Parkına səfər ediblər.

İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın müşayiəti  ilə baş tutan səfər zamanı tələbələr Samur-Yalama Milli Parkının yaranma tarixi, geoturizm imkanları yüksək olan Parkın mövcud turizm potensialı, ərazinin turizm infrastrukturu və gələcəkdə  park ərazisində görülə biləcək işlər  barəsində geniş məlumat alıblar.

Tələbələr həmçinin adları çəkilən müşayiətçilərin iştirakı ilə  Lənkəran zonasında yerləşən Hirkan Milli Parkı, Xanbulançay su anbarı, Bəlləbur qalası, Yanar bulaq, Lənkəran Tarix-Diyarşünaslıq muzeyi və digər ərazilərdə olublar.  Ekskursiya ərzində tələbələr olduqları ərazilərin tarixi və ekoturizm potensialı haqqında məlumatlandırılıb, onları maraqlandıran suallara ətraflı cavablar verilib.