iGEO Azərbaycan komandası Coğrafiya İnstitutunda olub 2024-07-20 14:10:00 / MÜHÜM HADİSƏLƏR

Beynəlxalq Coğrafiya Olimpiadasında  ölkəmizi təmsil edəcək məktəblilərdən ibarət Azərbaycan komandası hazırlıq çərçivəsində yay məktəbinin dördüncü həftəsinin növbəti dərsini  “Azərbaycanın inkişafında coğrafiyanın rolu” mövzusu ilə Coğrafiya İnstitutunda keçirib.

İnstitutun baş direktoru professor Zakir Eminov giriş sözü ilə çıxış edərək  coğrafiyanın ölkəmizdə rolu, İqlim dəyişiklikləri ilə əlaqədar Azərbaycanda gedən adaptasiya prosesləri, su tutarlarının vəziyyəti, içməli su qıtlığı və bundan çıxış yolları, “Böyük Qayıdış” prosesi, işğaldan azad olunmuş torpaqların və ekomühitin dirçəlişi və bu prosesdə coğrafiyaçıların rolu və s. bəhs edib.

İnstitutun icraçı direktoru c.ü.f.d, dosent Zaur İmrani Qarabağda şəhərsalma və bu işdə coğrafiyaçıların rolu, İnstitut doktorantlarının beynəlxalq təhsil mübadilələrində iştirakı, onların elmi fəaliyyəti və s. danışıb.

Kiçik elmi işçi Nazim Gəraylı “Süni intellektin coğrafiyada rolu” mövzusunda təqdimatla çıxış edib, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtibi, sinoptik proqnozların hazırlanmasında süni intellektdən istifadə, gənc alimlərin apardıqları elmi tədqiqatlar  və s. haqqında şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, bu il avqustun 19-dan 24-dək   növbəti 20-ci Beynəlxalq Coğrafiya Olimpiadasında  İrlandiyanın Meynot şəhərində ölkəmizi təmsil edəcək komanda Təhsildə VII Qrant Müsabiqəsinin qalibi olmuş layihənin müdavimidir. Layihə may ayında bitsə də, Təhsildə İnkişaf  və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsi və  iGeo Azərbaycan komandasının rəhbəri Yaşar Seyidəliyev  illərdir şəxsi təşəbbüsü ilə komanda hazırlıqlarını  olimpiadaya kimi davam etdirir. İndiyədək iGeo Azərbaycan komandası ölkəmizə beynəlxalq coğrafiya müsabiqələrindən beş medal gətirib. Azərbaycan komandasının iGeo-da iştirakı ilə bağlı xərclərini Azərbaycan  Respublikasının Təhsil İnstitutunun (ARTİ) Olimpiada Mərkəzi qarşılayır.

Yaşar Seyidəliyevin sözlərinə görə  ““Təhsil haqqında” AR-in Qanununda Beynəlxalq nüfuzlu fənn müsabiqələri haqqında maddə olsa da, Nazirlər Kabineti, Baş nazir və Elm və Təhsil Naziri tərəfindən təsdiq edilmiş Beynəlxalq nüfuzlu fənn olimpiadalarının siyahısında coğrafiyanın adı yoxdur. Bu fənnin siyahıya daxil edilməməsi ölkəmizdə coğrafiyanın inkişafına maneəçilik törədir. Bununla belə, ARTİ Olimpiada Mərkəzinin komandamızın iGeo-da iştirak xərclərini qarşılaması bizim üçün böyük dəstəkdir”.