AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Nabran, Muxtadır, Beşbarmaq, Şabran ərazisinin dəniz sahilinin dinamikasını öyrənmək məqsədi ilə Xəzərin Azərbaycana aid şimal hissəsində ezamiyyətdə olublar.
Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri professor Əmir Əliyev başda olmaqla aparıcı elmi işçi c.ü.f.d. Nazim Əhmədov və mütəxəssis Ramin Atakişiyev Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar sahildə baş verən prosesləri öyrənib, son illərdə səviyyənin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar sahil zonasının geomorfoloji vəziyyətini tədqiq ediblər.
Sözügedən ərazidə aparılan tədqiqat zamanı 2011-ci ildə aparılmış müşahidələrdə istifadə edilən reper nöqtələrinin vasitəsi ilə həmin ildə müəyyən edilmiş rəqəmlərlə - hal-hazırkı vəziyyət müqayisəli şəkildə təhlil edilib, keçən 13 il ərzində baş verən dəyişikliklər aşkar edilib. Məsələn, müşahidə nöqtəsi kimi təyin edilən ağacdan dənizə qədər olan məsafə 50 metr idisə, indi həmin ölçü 200 metrə qədər artıb. 2011-ci illə müqayisədə dəniz səviyyəsinin 1,5 metr enməsi və sahildə baş verən neqativ proseslərin (gölməçələr və nohurlar, sahil ərazilərin çirklənməsi) artması müşahidə edilib.