AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclasında Paleocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyevanın 65 illik yubileyi qeyd edilib.
Y.Tağıyevanın elmi-ictimai fəaliyyəti haqqında müfəssəl məlumat verən İnstitutun baş direktoru professor Zakir Eminov bildirib ki, alim Azərbaycan ərazisinin və Qafqazın bitki örtüyü və iqliminin tropik, subtropik, savanna və digər bitki tiplərinin dəyişmə qanunauyğunluqlarını aşkar etmiş, müxtəlif dövrlər üçün iqlimin kəmiyyət göstəricilərini təyin etməklə istiləşmə və soyuqlaşma dövrlərini verə bilmişdir. 115-dən çox elmi məqalənin müəllifi və 3 kitab həmmüəllifidir, «Azərbaycanın Milli atlası»nda «Bitki aləmi» bölməsındə 8 xəritəsi çap olunub.
Y.N. Tağıyevanın çoxşaxəli elmi fəaliyyəti yalnız paleocoğrafiya sahəsini deyil, eyni zamanda ekologiya sahəsini də əhatə edir. O, Respublikada konservasiya və biomüxtəlifliyin qorunması üzrə 10-da çox layihənin iştirakçısı, Ümumdünya Təbiəti mühafizə fondunun Qafqaz ofisinin regional ekspertidir, Avropanın paleobotaniklər, palinoloqlar birliklərinin, Rusiya Paleontologiya Cəmiyyətinin üzvüdür.
Coğrafiyaçı alim hazırda arxeoloqlarla birlikdə Qarabağda və Kür-Araz ovalığında kurqanlar və yaşayış məskənlərinin öyrənilməsi əsasında qədim insanların yaşam mühitinin bərpası üzrə uğurla tədqiqat işləri aparır.
İnstitut kollektivi adından yubilyarı təbrik edən müəssisə rəhbəri Yelena xanıma can cağlığı, gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edib.
Sonra gündəlikdə duran digər məsələlərə baxılıb, işə davamiyyət, kitab nəşrinə rəy verilməsi, kadr dəyişikliyi kimi məsələlər müzakirə edilib. Şura üzvləri Geomorfologiya və təbii risklər şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi münasibəti ilə c.ü.f.d. Ceyhun Qasımovu təbrik edib, ona yeni işində uğurlar arzu ediblər.