Yazıçı ilə görüş 2014-03-06 17:19:00 / TƏDBİRLƏR

Bu gün AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda İnstitut direktoru, AMEA-ın müxbir üzvü Ramiz Məmmədovun təşəbbüsü ilə yazıçı-tədqiqatçı, Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin və “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü Ramiz Dənizin Azərbaycan, rus və ingilis dillərində  AMEA Cografiya İnstitutunun elmi və Sokarın maliyyə dəstəyi ilə nəşr olunmuş Nəsirəddin Tusinin elmi araşdırmaları nəticəsində Amerika qitəsinin kəşfinə dair  9 kitabının  təqdimat mərasimi keçirildi.

Tədbirdə  dəvət olunan qonaqlar - Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, “Aqra” Elmin İnkişafına Dəstək İctimai  Birliyinin sədri Mirələkbər Seyidov, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli, Azərbaycan Vətən Müharibəsi Veteranları  Birliyinin sədri Füzuli Rzaquliyev, “Təhsil” cəmiyyətinin sədri Nuğay Əliyev, ARDNŞ “Azərneftyağ” neft emalı zavodunun   Xammal əmtəə sexinin Həmkarlar təşkilatının sədri Elnur Məmmədli və s., Coğrafiya İnstitutunun alim və digər əməkdaşları, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

İnstitutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə tədbiri giriş sözü ilə açaraq qonaqları salamladıqdan sonra yazıçı və onun əsərləri barədə qısaca məlumat verdi.  Sonra xalq yazıçısı Çingiz Abdullayev ilk əvvəl tədbiri təşkil etdiklərinə görə İnstitut rəhbərliyinə öz minnətdarlığını bildirdi, belə  tədbirlərin tez-tez keçirilməsini vacib hesab etdi. “Ölkənin inkişafı, gücü onun insanlarının intellektual səviyyəsindən çox asılıdır. Ramiz Dəniz elə yazıçılardandır ki, yazdığı əsərin mövzusunu dərindən öyrənib araşdırdıqdan sonra dəqiq faktlara istinad edərək mühüm  nəticələri üzə çıxarır, hamıya məlum olmayan informasiyanı  oxuculara çatdırır.”  Xalq yazıçısı Respublika televiziya kanallarında intellektual kitabların təqdimatlarının tez-tez təşkil olunmasını məqsədəuyğun hesab etdiyini diqqətə çatdırdı.

Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru Məhərrəm Həsənov yazıçını yüksək dəyərləndirərək onun geniş biliyə malik olduğunu, oxucuya daha çox məlumat çatdırmaq bacarığını, kitabların oxunaqlı, maraqlı dillə yazıldığını  qeyd etdi, həmin əsərlərin  hamısının xaricdə çap olunmasını arzuladığını dilə gətirdi. M.Həsənov təəssüf hissi ilə maraqlı bir fakta da toxundu: “Bu yaxınlarda Kazaxıstandan alim həmkarlarımız İnstitutumuza gəlmişdilər. Onlara 1968-ci il Kazaxıstan hadisələrindən söhbət açdıqda bizim bu dərəcədə məlumatlı olduğumuza çox təəccübləndilər. Lakin onların 20 Yanvar və Xocalı faciələrindən xəbərsiz olduqlarını eşidəndə bizim hansı hissləri keçirdiyimizi anlamaq heç də çətin deyil”.

Daha sonra İnstitutun Həmkarlar təşkilatının sədri, coğrafiya elmləri namizədi Habil Haqverdiyev, institutun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mirnuh İsmayılov, “Aqra” EİD İB-nın  sədri Mirələkbər Seyidov, şair-publisist Əli Rza Xələfli, Azərbaycan Vətən Müharibəsi Veteranları  Birliyinin sədri Füzuli Rzaquliyev, “Təhsil” cəmiyyətinin sədri Nuğay Əliyev, ARDNŞ “Azərneftyağ” zavodunun   Xammal əmtəə sexinin HT-nin sədri Elnur Məmmədli, institutun aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov və başqaları yazıçı və onun əsərləri barəsində fikirlərini bildirdilər, Kolumbun nailiyyətlərində Nəsrəddin Tusinin də rolunun bizim üçün fəxrlı olduğunu qeyd etdilər, zarafatla müəllifin Azərbaycan Milli Dövlət Kitabxanasının məzunu olduğunu, diplomu isə yazdığı  kitabların olduğunu söylədilər.

Ramiz Dəniz öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi, ürək sözlərini çatdırdı.

Görüşün sonunda İnstitutun elmi işlər üzvə direktor müavini  Elbrus Əlizadə tədbirdə iştirak edənlərə təşəkkürünü çatdıraraq, Coğrafiya İnstitutunun gələcəkdə də yazıçı ilə sıx əlaqə saxlayacağını  qeyd etdi.