Xocalı qurbanları yad edildi 2014-02-26 17:08:00 / TƏDBİRLƏR

Akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Xocalı qurbanlarının xatirəsii yad edildi. İnstitutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor R.Məmmədov tədbiri giriş sözü ilə açaraq,

22 il əvvəl Xocalı faciəsini törədən səbəblərdən, onun ağır nəticələrindən söhbət açdı,  dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilərək  soyqırım kimi tanınmasına  və bəşəriyyətə qarşı bu qırğını törədənlərin cəzalandırılacağına ümid bəslədiyini dedi.  “Gec-tez həqiqət öz yerini tapmalı, Xocalı şəhidlərinin qanı yerdə qalmamalıdır!”

İnstitutun  Ekocoğrafiya  şöbəsinin müdiri, kənd-təsərrüfat elmləri namizədi, dosent Ənvər Əliyev indi dünyanın hər yerində  22 il bundan qabaq erməni vandallarının öz vətənlərində yaşamaq haqqı olan günahsız  Xocalı camaatını  qırmaq planlarını həyata keçirmələrindən  söhbət getdiyini deyərək, bu barədə elə ermənilərin özlərinin utanmadan,  vicdan əzabı çəkmədən, insan təfəkküründən uzaq  bir düşüncə ilə mətbuat və ədəbiyyatda verdikləri  yazılardan danışdı.   Xüsusən, bütün bu hadisələrin baş ideoloqu, bu gün də özünün orta əsr barbar düşüncəsindən əl çəkməyən Zori Balayanın “Ruhun düşüncəsi” kitabından epizodları misal gətirərək  Xocalıdakı 13 yaşlı türk uşağının divara mıxlanması, qışqırıb ağlayarkən ona verilən ağlasığmaz işgəncələri, ayaq altına kəsilib-atılmış insan əzalarının amansız şəkildə tapdalanması və s.kimi dəhşətləri yada saldı, dedi ki, bunları oxuduqdan sonra düşünməyə bilmirsən: Görəsən, insan adı daşıyan belə məxluqlarla birlikdə Yer üzündə yaşamaq necə mümkündür?!

İnstitutun Həmkarlar təşkilatının sədri, Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya elmləri namizədi  Habil Haqverdiyev, coğrafiya elmləri namizədi  Məhərrəm Həsənov və başqaları da bu faciəni misli görünməmiş soyqırım adlandıraraq, bundan lazımi nəticə çıxarmağın vacibliyini vurğuladılar.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhidlərin ruhuna rəhmət, faciəni törədənlərə lənət oxundu.