AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda baş direktor professor Zakir Eminovun sədrliyi ilə Elmi seminar keçirilib.
İclasda paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Azərbaycanın bazalt sütunları və onların geoturizmdə əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.
Müəllif dünyada məşhur olan və Azərbaycanın Kiçik Qafqaz və Talış dağları bölgəsində qeyd edilən bəzi bazalt sütunları haqqında, onların geologiyası, geomorfologiyası və coğrafi yayılmasına dair ətraflı məlumat verib, ölkəmizdə geoturizmin inkişafı üçün bu tip təbiət abidələrinin təbliği və təşviqinin vacibliyini vurğulayıb. Alim tədqiq etdiyi Kəlbəcər (Zar kəndi, Tərtərçayın dərəsi), Tovuz (Əsrikçay dərəsi) və Lerik (Göydərə kəndi, Qaladağ) rayonlarında yerləşən bazalt sütunlarının çıxışlarının estetik və ekzotik cəhətdən yüksək geoturizm potensialına malik olduğunu vurğulayıb, onların maraqlı təbiət abidəsi kimi turistlər üçün cəlbedici olmasını elmi dəlillərlə əsaslandırıb, hansı geoloji dövrlərdə və şəraitdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, petroloji, struktur, geomorfoloji və s. özəlliklərinə dair maraqlı fikirlər yürüdüb.
R.Fətəliyev qeyd edib ki, Azərbaycanda aşkar edilən bazalt sütunlarına dəyərli təbiət abidəsi kimi diqqət artırılmalı, onlar elmi cəhətdən daha mükəmməl öyrənilməlidir. Ölkəmizdə eko- və geoturizmin inkişafına xüsusi önəm verilməsinin vacibliyindən danışan tədqiqatçı bazalt sütunlarını maraqlı geoturizm obyekti kimi qiymətləndirilməsinin, onların qeydə alınaraq təsnifatlaşdırılmasının, təbiət abidələrinin qorunması üzrə maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyinə diqqəti çəkib.
Sonda alim sadalanan istiqamətlər üzrə bir sıra konkret təkliflər irəli sürüb.
İştirakçılar tərəfindən maraqla qarşılanan təqdimat geniş müzakirəyə və faydalı fikirlərin ortaya çıxmasına səbəb olub.