AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildi çapdan çıxıb.
Bu fundamental əsərin təqdim edilən cildi 3 fəsildən ibarət olaraq türk dövlətlərinə, dövlət və milli qurumları olmayan türkdilli xalqlara həsr edilib. Kitabın ideya müəllifi və məsləhətçisi akademik Akif Əlizadə, elmi redaktoru professor Zakir Eminovdur.
Kitabın hazırlanmasında əsas məqsəd türk mənşəli xalqlar haqqında ensiklopedik məlumat vermək, hər bir xalqın digər xalqlar haqqında müəyyən coğrafi biliklərə malik olmasına imkan yaratmaqdır. Kitabda Rusiya, Çin, İran, Əfqanıstan və digər ölkələrdə öz tarixi torpaqlarında yaşasalar da, milli muxtariyyətə malik olmayan bu xalqların tarixən formalaşmış adət-ənənələri, milli geyimləri, dilləri təsvir edilib ki, bu da onların ortaq türk xüsusiyyətləri əsasında yarandığını göstərilir. İlk dəfə olaraq bütün türk xalqları haqqında məlumatlar vahid mənbədə təqdim olunur.
Kitab geniş oxucu kütləsi, müxtəlif sahələr üzrə mütəxəssislər, ali və orta ixtisas tələbələri, eləcə də ümumtəhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulub. O həm də türk xalqlarının həyatı və coğrafiyası ilə maraqlananlar üçün geniş bilik mənbəyi rolunu oynaya bilər.