M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bir qrup əməkdaşı AR Elm və Təhsil Nazirliyinin akademik H. Əliyev adına Coğrafiya İnstitutunda olub.
İnstitutun baş direktoru, professor Zakir Eminov qonaqları salamladıqdan sonra Coğrafiya İnstitutunun fəaliyyəti və aparıcı alimləri haqqında tanışlıq verib.
MDU Coğrafiya fakültəsinin Təbiətdən rasional istifadə kafedrasının müdiri, coğrafiyaşünas alim, professor Mixail Viktoroviç Slipençuk həmmüəllif olduğu “XX əsrin Kolumbu” və “Andrey Kapitsa” kitabları haqqında təqdimatla çıxış edib. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilən bu kitablar uzun illər MDU coğrafiya fakültəsinin kafedra müdiri işləmiş, Uzaq Şərq Elmi Mərkəzinin sədri, məşhur fizik, akademik Pyotr Kapitsanın oğlu, SSRİ EA-nın müxbir üzvü Andrey Petroviç Kapitsanın həyatı, elmi, ictimai və təşkilati fəaliyyətinə həsr edilib. Müəllif çıxışında A.Kapitsanın Antraktidanın tədqiqindəki böyük rolundan danışıb və hətta onu kitabın adındakı kimi, XX əsrin Kolumbu adlandırıb.
Tədbirdə iştirak edən coğrafiya üzrə elmlər doktoru, professor Çingiz İsmayılov Antraktidanın ilk xəritəsinin hələ 12-ci əsrdə ərəb coğrafiyaçı səyyahı Əli Mənsuri Əl-İdrisi tərəfindən tərtib edildiyini diqqətə çatdırıb.
Coğrafiya İnstitutunun şöbə müdiri, c.e.d. professor Rza Mahmudov, c.e.d. Starə Tarixazər, şöbə müdiri, c.e.d. Yelena Tağıyeva, şöbə müdiri, c.ü.f.d. Habil Haqverdiyev, elmi işçi Zülfəli Rəsulov və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər, Antraktida ilə bağlı İnstitutda görülən işlər barədə qonaqlara məlumat veriblər.
Sonda Baş direktor Zakir Eminov M.Slipençuka maraqlı məruzəsinə və İnstituta bağışladığı kitablara görə təşəkkürünü bildirib.