AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a müsahibəsində suyun səviyyəsində enmənin 2040-cı ilədək davam edəcəyini söyləyib.
Xəzərin qurumasını sahilətrafı ərazilərdə binaların olması ilə əlaqələndirən Bakı, Sumqayıt sakinlərinin mülahizələrini təkzib edən alim Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin sahildə inşa olunan binalarla heç bir əlaqəsinin olmadığını qeyd edib. O deyib ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi su balansının dəyişməsinin nəticəsidir: Xəzərə gələn su gedən sudan azdır. Gələn su çoxdursa, dənizin səviyyəsi qalxır, buxarlanma çoxdursa, səviyyə düşür.
Son illərdə Xəzərə tökülən və Xəzərin suyunun 85 faizini təşkil edən Volqa çayının suyunun həcmi 25 -30 faizədək azalıb. Buna görə də dənizdə səviyyəsinin aşağı düşməsi daha qabarıq müşahidə olunur.
Xəzərin səviyyəsi 1977-ci ildə bugünkündən 60-70 sm aşağı olub. Xəzərin səviyyəsi son 4000 ildə 250 il aşağı düşür, sonra bu müddətdə qalxır. “Hazırda Xəzərdə suyun səviyyəsinin enmə dövrüdür. 2040-cı ilədək enmə davam edəcək", deyə mütəxəssis bildirib.