AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - baş direktor, c.e.d. Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov, Ziyafət Ağayev və Hicran Tahirova əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş Respublika elmi seminarında iştirak ediblər.
Bakı Dövlət Universitetində keçirilən tədbirdə iştirak edən Universitetin rektoru Elçin Babayev, coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, kafedra müdirləri, professorlar, uyğun müəssisələrdən nümayəndələr, mərhum yubilyarın qohumları və digər qonaqlar Vüsət Əfəndiyev haqqında məruzə və çıxışlar ediblər. Bildirilib ki, hazırkı tədbirin keçirildiyi Universitetin 421saylı auditoriyasına Vüsət Əfəndiyevin adı verilib.
Baş direktor Zakir Eminov “Azərbaycanda əhali coğrafiyasının inkişafı” mövzusunda məruzə edib və baş redaktoru olduğu Coğrafiya İnstitutunun hazırladığı “Azərbaycan respublikasında kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri” kitabını Universitetə hədiyyə edib.
Alimin yaratdığı kafedranın ilk aspirantı olmuş Hicran Tahirova söz alaraq, elmi rəhbəri olduğu V. Əfəndiyev haqqında xatirələrini bölüşüb.
Tədbirin sonunda iştirakçılar professor Vüsət Əfəndiyevin adını daşıyan auditoriyada birgə xatirə şəkli çəkdiriblər.