AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov və İnstitutun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani Moskva şəhərində keçirilən “Beynəlxalq Enerji Təhlükəsizliyi Kontekstində Enerji Dialoqu” adlı 15-ci Xəzər Enerji Forumunda iştirak edib.
Forumda 150-dən çox beynəlxalq təşkilat və səlahiyyətli orqanların nümayəndələri, eləcə də tələbə və doktorantlar iştirak ediblər. İştirakçılar Xəzər dənizi ilə əlaqəli apardıqları elmi araşdırmalar və əldə etdikləri nəticələr barədə məruzələr ediblər.
Coğrafiya İnstitutunun baş direktoru Z.Eminov “Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafında neft-qaz sənayesinin rolu” mövzusunda məruzə edərək Azərbaycanda neft-qaz sənayesinin inkişaf tarixi, Əsrin müqaviləsi, yeni neft-qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Azərbaycan Neft Fondu, Qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluğu, regionların rolu və s. haqqında forum iştirakçılarına geniş məlumat verib.
İnstitutun icraçı direktoru Z.İmrani “Xəzər dənizi karbohidrogenlərinin ekoloji təhlükəsizliyə uyğunluğu və Azərbaycanın Xəzərsahili hissəsində turizm potensialından səmərəli istifadə” adlı məruzə ilə çıxış edib.
Azərbaycan nümayəndələri forum çərçivəsində keçirilən Xəzər Gənclər Sessiyasında öz çıxışlarında bioresurslarının mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji turizm sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Səfər əsnasında coğrafiyaçı alimlər Rusiya EA Coğrafiya İnstitutunun direktor müavini Osokin Nikolay və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin şöbə müdiri, Rusiyanın əməkdar geoloqu, professor Vaqif Kərimovla elmi tədqiqatların aparılması, birgə layihələrdə iştirak, doktorantların və dissertantların elmi bilik səviyyələrinin artırılması və s. məsələləri müzakirə ediblər.
Coğrafiya İnstitutu “Caspian Energy Forum - 2023” çərçivəsində Xəzər Enerji Dialoqunun dərinləşdirilməsinin artan əhəmiyyətini nəzərə alaraq Rusiya EA-nın P.P.Şirşov adına Okeanologiya İnstitutunun Xəzər bölməsi və Xəzər dənizi Elmi-Tədqiqat Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb.