Coğrafiya İnstitutunda Xırdalan məktəbliləri ilə birgə tədbir keçirilib 2023-04-12 14:57:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Xırdalan şəhəri, Veysəl Müsibov adına 5 nömrəli tam orta məktəbin 7B sinfinin şagirdlərinin görüşü keçirilib.

Milli Elmlər Akademiyasının foyesindən başlanan tədbir  Akademiyanın elmi müəssisələrinin fəaliyyətini əks etdirən sərginin nümayişi ilə davam edib. Burada baş kitabxanaçı Məhsəti Cəfərova şagirdlərə Elm Günü və digər əlamətdar günlər münasibətilə Coğrafiya İnstitutunun fəaliyyətindən bəhs edən  foto-video materialları və  yeni nəşrlər haqqında söhbət açıb.  Məktəblilər İnstitutun  kitabxanasında, eləcə də   “ Geoinformatika və kartoqrafiya” şöbəsində olublar, GİS mütəxəssisi Nazim Gəraylının  şöbənin gördüyü işlər, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritə və atlasların tərtibi və çap prosesi haqqında məlumatını dinləyiblər.

Sonra İnstitutun akt zalında “Biz coğrafiyanı sevirik” mövzusunda seminar məşğələ keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d., dosent  Habil Haqverdiyev coğrafiyanın əhəmiyyəti, bu elmin inkişafında böyük rol oynamış alimlər və müxtəlif vaxtlarda İnstituta rəhbərlik etmiş coğrafiyaçıların fəaliyyəti haqqında danışıb.

Məktəblilər mövzu ilə bağlı hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.

İnstitutun icraçı direktoru v.i.e., coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani coğrafiyanın müasir problemləri haqqında məktəblilərə qısa məlumat verdikdən sonra, “Azərbaycanın qorunan əraziləri -  Milli parklar” mövzusunda təqdimatla çıxış edib. Çıxışının sonunda o, Coğrafiya İnstitutunun hazırladığı xəritə və kitabları məktəbə hədiyyə edib.

Tədbirdə fəal iştirak etdiklərinə və şagirdlərdə coğrafiya elminə maraq oyatdıqlarına görə bəzi tədbir iştirakçılarına təşəkkürnamələr təqdim edilib.

Seminar-məşğələdə  iştirak edən Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Ana Vətən Partiyası rayon təşkilatının sədri Elçin Quliyev, AVP Abşeron rayon təşkilatı Məclisinin sədri Arzu Fərəcova, məktəbin direktor müavini Sevinc Namazova, sinif rəhbəri Günel Abbasova və məktəbin coğrafiya müəllimi Əminə Tağıyeva  çıxış edərək Coğrafiya İnstitutunun rəhbərliyinə, eləcə də əməkdaşı Aida Aslanovaya tədbirin təşkilində yaxından iştirakına və balaca coğrafiyaçılara göstərdikləri qayğıya görə minnətdarlıq bildiriblər.

Son olaraq iştirakçılar birlikdə xatirə şəkli çəkdiriblər.

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024