AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun icraçı direktoru vəzifəsini icra edən, c.ü.f.d., dosent Zaur İmrani Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü faza çərçivəsində “Milli səviyyədə səmərəli erkən xəbərdarlıq sistemlərinin qurulması üçün qurumlararası əlaqələndirmə və fövqəladə halların planlaşdırılması” adlı seminarın iştirakçısı olub.
Tədbirdə Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsveç Mülki Müdafiə Agentliyi, İtaliyanın Beynəlxalq Ətraf Mühit Monitorinqi Mərkəzi və Qızıl Xaç Cəmiyyəti, eləcə də digər qurumların əməkdaşları iştirak edib.
Seminarın əsas məqsədi fövqəladə halların milli və yerli səviyyədə planlaşdırılması və çevik cavab tədbirləri üçün erkən xəbərdarlıq və qurumlararası birgə fəaliyyət üzrə yanaşmaların mülki müdafiə tədbirlərinə tam inteqrasiyasının təmin edilməsi, həmçinin effektiv erkən xəbərdarlıq sistemləri üzrə təcrübə mübadiləsinin aparılması olub. İştirakçılar “Effektiv və Səmərəli Erkən Xəbərdarlıq Sistemlərinin qurulması”, “Milli Risk proqramının hazırlanması”, “Meşə yanğınlarının təhlükəsinin proqnozlaşdırılması modelləri”, RİSİCO və EFFİS kimi Erkən Xəbərdarlıq Sistemləri ilə əlaqədar məruzələr dinləyib, təlim suallarını cavablandırıblar.
Z.İmrani Coğrafiya İnstitutunun təbii xarakterli fəlakətlərlə (sel, sürüşmə, daşqın, uçqun və s.) bağlı gördüyü işlər barədə seminar iştirakçılarına məlumat verib. O bildirib ki, meşə yanğınları ilə bağlı təsirlərin qiymətləndirilməsi təbii və antropogen təsirlərdən asılı olaraq dəyişir. Hadisənin baş vermə yeri və arealı müəyyən edilməklə birbaşa dəyən ziyanlar qiymətləndirilir, lakin ekosistemə, ətraf mühitə, insanların sağlamlığına dəyən ziyanların qiymətləndirilməsi olduqca çətin və uzun bir prosesdir.
Tədbirdən sonra Z.İmrani İtaliyanın Ətraf Mühitin Monitorinqi Mərkəzinin mütəxəssisi Andrea Trucchianı “Meşə yanğınlarının təhlükəsinin proqnozlaşdırılması modelləri RİSİCO və EFFİS” mövzusunda çıxış etmək üçün institutun elmi seminarına dəvət edib.