AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri regionlarda elm-təhsil və innovasiya klasterinin yaradılmasına yönəldilib. Bunu nəzərə alaraq Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu elmi bazanın gücləndirilməsi, innovasiyaların tətbiqi, təbii-coğrafi potensialın təsərrüfata cəlb edilməsi məqsədilə regionlarda elmi potensialın, eləcə də təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müntəzəm olaraq elmi müəssisələrdə və ali təhsil ocaqlarında tədbirlər keçirir. İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun rəhbərliyi ilə 26-28 dekabr tarixlərində Qubaya təşkil edilən səfər də məhz bu məqsədə xidmət edib.
Filialın direktoru, fiz.e.d., dosent Alıyev Yusif tədbiri giriş sözü ilə açaraq müəssisənin təhsil sistemi, tələbələrin təhsilə marağı, filialın yeni layihələrdə iştirakı barədə məlumat verib. Sonra İnstitutun baş direktoru elm və təhsilin qarşılıqlı əlaqədə fəaliyyəti, elmi nailiyyətlərin təhsildə tətbiqi, magistr, dissertant və doktorant təhsilinin institutda təşkili və keçirilməsi formalarından danışıb. Coğrafiya elmləri doktoru, dosent Səid Səfərov, coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Həsən Nəbiyev, Mirnuh İsmayılov, Müseyib Yunusov, Zaur İmrani çıxış edərək İnstitutda aparılan elmi tədqiqat və layihələrlə bağlı məlumat veriblər.
Coğrafiyaçı alimlər həmçinin elmin müxtəlif istiqamətləri üzrə tələbələri maraqlandıran çoxsaylı suallara cavab veriblər.