Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov “Xəzər xəbər”ə müsahibəsində bildirib ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar müxtəlif versiyalar mövcuddur və həmin fikirlərə görə suyun 4-8 metr enməsi gözlənilən proqnozdur. O qeyd edib ki, dənizin səviyyəsinin 1995-ci ildən başlayaraq enməsi prosesi davam edir. Alim Xəzərdə suyun səviyyəsinin azalmasının iqtisadi və ekoloji baxımdan ciddi problemlərə səbəb ola biləcəyini, səviyyənin düşməsi ilə əlaqədar dənizdə çirkləndirici maddələrin konsentrasiyasının da artacağını və bunun orada yaşayan canlılar üçün çox böyük təhlükə yaradacağını diqqətə çatdırıb: “ Xəzərin səviyyəsi 2040-cı ildən qalxmağa başlayacaq ki, bu da yeni tikililərin su altında qalması ehtimalını gücləndirir”.