AMEA-nın Rəyasət Heyətinin iclasında yenidən təşkilatlanma ilə bağlı məsələlər müzakirə olunub 2022-11-01 15:03:00 / MÜHÜM HADİSƏLƏR

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

Sonra Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin “AMEA-nın təşkilatlanmasında yeni mərhələ: müasir çağırışlar və perspektivlər” mövzusunda çıxışı dinlənilib. Akademik bildirib ki, AMEA-nın Ümumi yığıncağının 25 oktyabr 2022-ci il tarixli Akademiyanın prezidenti vəzifəsinə seçkinin nəticələri barədə qərarından və ölkə başçısının onu bu vəzifəyə təsdiqləməsi barədə 26 oktyabr 2022-ci il tarixli Sərəncamından sonra Rəyasət Heyətinin ilk iclasıdır: “Məni AMEA-nın prezidenti kimi məsuliyyətli və şərəfli vəzifəyə etibar etdiyinə görə, cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin AMEA-nın Ümumi yığıncağında mənə səs verən Akademiyanın həqiqi üzvlərinə təşəkkürümü ifadə edirəm. Ölkə başçısının Azərbaycan elmi və Akademiya qarşısında müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün mən və alimlərimiz tərəfindən dövlətçilik prinsipi və respublikamızın prioritetləri əsas götürülməklə fəal şəkildə çalışacağıq. Qarşımızdakı ilk hədəf elm məbədimizin, Akademiyamızın əvvəlki nüfuzunu bərpa etmək, sabit elmi mühit yaratmaqla elmin inkişafına nail olmaqdan ibarətdir”.

AMEA rəhbəri “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Akademiyanın yenidən təşkilatlanmasına başlanıldığını bildirib. Həmçinin Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Akademiyanın yeni strukturu və işçilərinin say həddinin təsdiqləndiyini deyib: “Artıq ölkə başçısının Fərmanından sonra AMEA-nın yenidən təşkilatlanması prosesinə başlanılıb və bundan sonra da həmin proses davam etdiriləcəkdir. Akademiyanın fəaliyyəti 2 istiqamət üzrə qurulacaq: Akademiyanın tabeliyində olan qurumların idarə olunması və Akademiyanın əhatə etdiyi qurumlarla elmi-metodiki iş”.

Azərbaycan SSR Elmlər Akademiyasının 1945-ci ildə yaradılarkən əsas fəaliyyət istiqamətinin hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə hesablandığını deyən akademik müstəqillik illərində hədəflərin dəyişildiyini bildirib: “Bu gün Akademiyanın qarşısında yeni hədəflər, fərqli vəzifələr dayanır. Fəaliyyətimizi tamamilə yenidən qurmalıyıq: bunlardan birincisi, ölkə başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in qarşıya qoyduğu vəzifələr, ikincisi isə cənab Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və nəhayət, Dördüncü Sənaye İnqilabının çağırışlarından ibarət olmalıdır.

Son illərdə Akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir. AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil. Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq.

Həmçinin fəaliyyətimizin əsas istiqamətini Azərbaycançılıq ideyası təşkil etməlidir. Azərbaycan xalqının mənşəyi, Azərbaycan dövlətçilik ənənələri, Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası, Albanşünaslıq, antropologiya, müstəqil Azərbaycan Respublikasının inkişaf mərhələləri, tarixi Qarabağ Zəfəri, Böyük Qayıdış strategiyası, ədəbi-tarixi şəxsiyyətlərimizin fəaliyyəti və xidmətləri və sair kimi zəruri məsələlər Azərbaycan humanitar və ictimai elmlərinin əsas prioritetlərini təşkil etməlidir. Qlobal iqlim dəyişiklikləri, enerji və ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, müasir hərb elmi Azərbaycan elminin maraq dairəsində xüsusi yer tutacaqdır”.

Cənab Prezident İlham Əliyevin bu gün müasir, inkişaf etmiş Azərbaycanın qurucusu olduğunu və 30 ildən sonra tarixi qələbə ilə xalqımızın Qarabağa qayıdışını təmin etdiyini deyən İ.Həbibbəyli qeyd edib ki, ötən iki il ərzində ölkə başçısının Vətən müharibəsindəki xilaskarlıq və quruculuq missiyası lazımi şəkildə elmi ədəbiyyatda əks olunmayıb və bu istiqamətdə kompleks yanaşmaya, fundamental tədqiqatlara ehtiyac vardır: “Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Qarabağ” adının yazılışı vahid formada olmalıdır və beynəlxalq arenada “Karabakh” formada əks olunması doğru yanaşma deyil. Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiyə” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı müvafiq addımlar atmalıyıq.

Bu gün AMEA olaraq Qarabağda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən müəyyən tədqiqatlar aparılır. Lakin ümumilikdə Qarabağın tarixi, musiqisi, ədəbiyyatı, folkloru ilə bağlı geniş araşdırmalar aparılmasına ehtiyac var və bunun üçün də AMEA-da Qarabağı kompleks şəkildə araşdıran elmi qurumun yaradılması faydalı olardı.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” hazırlanaraq çap olunub. Bu, Qarabağın dilçilik pasportudur. “Şuşa ili”nin yekunları ilə bağlı Rəyasət Heyətinin xüsusi iclasını keçirməyi planlaşdırırıq”.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Heydər Əliyev İli”nin keçirilməsi ilə əlaqədar beynəlxalq və respublika miqyasında, həmçinin AMEA Rəyasət Heyəti səviyyəsində və elmi-tədqiqat institutlarında elmi tədbirlərin təşkil edilməsi və fundamental elmi nəşrlərin hazırlanıb çap olunması diqqət mərkəzinə çəkilib.

Doktorantura təhsilinə də toxunan alim vurğulayıb ki, bu gün ölkəmizdəki doktorantura təhsili SSRİ-dən qalma modeldir. Yalnız doktorant və onun elmi rəhbəri ilə peşəkar kadr hazırlamaq mümkün deyil. Onun sözlərinə görə, doktorantların tədris planı, təhsil kreditləri, imtahanları olmalıdır və bu istiqamətdə əməli addımların atılması planlaşdırılır: “Eyni zamanda elmdə qocalmanın qarşısını almalıyıq. Akademiyada son 7 ildə elmlər doktorluğunu müdafiə edən və yaşı 40-dan aşağı olan yalnız 8 nəfər, yaşı 50-dən aşağı isə 20 nəfərə yaxın elmi işçi vardır. 10 il sonra necə olacaq? Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Dissertantlara, doktorantlara tələbkarlıq da, qayğı da artırılmalıdır”.

İclasda akademiklər Adil Qəribov və Fikrət Əliyevin bu vaxta qədərki səmərəli fəaliyyəti qeyd edilməklə Rəyasət Heyətinin üzvlüyündən azad olunmaları məsələsi həll edilib. Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.

Daha sonra iclasda “Heydər Əliyev İli”, həmçinin Ömər Faiq Nemanzadənin 150 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər planı təsdiqlənib. Ömər Faiq Nemanzadə haqqında sənədli filmin çəkilməsi və monoqrafiyanın hazırlanıb nəşr edilməsi, ona həsr edilmiş elmi konfransların keçirilməsi kimi məsələlər Tədbirlər planına daxil edilib. Bundan əlavə, akademik Ömər Eldarovun 95, akademik Hüseyn Həsənovun 90 və AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin 80 illik yubileyləri barədə qərarlar qəbul edilib. AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda “Akademiya şəhərciyi” şöbəsinin yaradılmasına qərar verilib. Əmək intizamı ilə əlaqədar məsələlərə baxılıb. Eyni zamanda A.A.Bakıxanov adına Tarix İnstitutunun kiçik elmi işçisi Samirə Hadıyevanın təhsili ilə əlaqədar Türkiyəyə təcrübəyə göndərilməsinə razılıq verilib. Rəyasət Heyətinin digər qərarları ilə Geologiya və Geofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Rauf Muradov dissertanturadan, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Mirfatimə Əhmədova isə doktoranturadan öz xahişləri əsasında azad olunublar.

science.gov.az