C.ü.f.d. Məhəmməd Məmmədovun 70 yaşı tamam olub 2022-06-30 12:16:00 / YUBİLEYLƏR

AMEA akad. H Ə.Əliyev adına Coğrafiya İnstitutunda  Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə elmlər doktoru Məhəmməd Əhməd oğlu Məmmədovun  anadan olmasının 70,  elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilib. 

İnstitutun  baş direktoru,  c.e.d Zakir Eminov  bu münasibətlə yubilyarı İnstitut  kollektivi adından  təbrik edib, ona can cağlığı,  elmi fəaliyyətində nailiyyətlər arzu edib.

Yubilyara ünvanlanmış təbrik məktubunun mətni:

 HÖRMƏTLİ MƏHƏMMƏD MÜƏLLİM!

AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmağınızın 70 illiyi və çoxillik elmi yaradıcılıq fəaliyyətiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizə uzun ömür, möhkəm can sağlığı və elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayır.

Siz, 1952-ci ildə vətənimizin qədim Laçın diyarında, üçsüz-bucaqsız dağların qoynunda anadan olmuşunuz. 1970-ci ildə doğma diyarınızda orta təhsil aldıqdan sonra ömür coğrafiyanızın əsasını Azərbaycan BDU-nun Coğrafiya fakültəsini tamamlamısınız. Ömür səlnamənizin sonrakı mərhələsini isə  AMEA Coğrafiya İnstitutu ilə bağlamısınız. Nəhayət 1980-cı illərdə həmin institutun aspiranturasına daxil  olmusunuz. Artıq bu gün 50 illə yaxındır ki, coğrafiya elminin meşə torpaqlarının öyrənilməsi sahəsində elmi təcrübəniz və müvafiq elmi fikirlərinizin  potensialı da çox-çox artmışdır. Uzun illərdir bu sahədə apardığınız elmi-yaradıcılıq işləriniz və elmi-kütləvi təcrübəniz bunları təsdiq edir. Elmi hesabatlarınız, onlardakı yeni coğrafi fikirləriniz yəqin ki coğrafiya elminin hərtərəfli inkişafında gərəkli təcrübə olmuşdur. Bunlar 40-dan çox elmi əsərlərinizdə bir daha özünü əks etdirir.

Əziz Məhəmməd müəllim!

Azərbaycan Respublikasında meşə torpaqlarının xüsusilə dağ çəmən, dağ qonur-meşə və dağ-qonur torpaqlarının formalaşmasına, onların müxtəlif genetik  təsnifatının öyrənilməsində  sizində payınız çoxdur. Çünki onların müasir vəziyyəti, deqredasiyası və səbəbləri sizin tərəfinizdən daha yaxşı öyrənilmişdir.

Hazırda  Azərbaycanda adi badamın, püstənin və zeytun plantasiyalarının kompleks öyrənilməsi məsələsini, onların coğrafiyasının gələcək istiqamətlərini arayıb - araşdırırsınız. Yəni elmi-yaradıcılığınızın və ömür coğrafiyasının gözəl və  uğurlu anlarını yaşadırsınız.

Bu yolda Sizə Coğrafiya İnstitutunun kollektivi daha böyük uğurlar diləyir.

 Hörmətlə,

AMEA akad.H.Əliyev adına Coğrafiya

İnstitutunun direktoru  c.e.d.                                                 Z.Eminov

 

Həmkarlar Təşkilatının sədri, c.ü.f.d.                                  H.Haqverdiyev