İnstitut rəhbəri Qırğızıstan MEA-nın prezidenti ilə görüşdə iştirak edib 2022-06-24 15:07:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun Bişkek şəhərində keçirilən  MDB iştirakçısı olan dövlətlərin alimlərinin IV Forumu çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti  M.S.Cumatayev  ilə görüşdə iştirak edib

İnstitut rəhbəri Z.Eminov bildirib ki, türkdilli xalqları birləşdirən  ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər qarşılıqlı səmərəli fəaliyyət üçün bizə əsas verir.  Türkdilli xalqların  bir-birini daha yaxından tanıması  regional əməkdaşlığı genişləndirir ki, bu da  gələcəkdə türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə səbəb olacaq.

Baş direktor  AMEA-nın Coğrafiya İnstitutunun bu sahədəki fəaliyyətini qeyd edərək İnstitut alimlərinin hazırladıqları “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi haqqında məlumat verib və kitabın rus dilində çap olunmuş 1-ci və 2-ci cildini İnstitut adından Akademiya  prezidentinə  hədiyyə edib.

Hədiyyəyə görə təşəkkürünü bildirən M.Cumatayev türkdilli, eləcə də digər dövlətlərin elmi müəssisələri  arasında elmi-mədəni, iqtisadi-siyasi və s. əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini, onların həyata keçirilməsi üçün konkret addımlar atıldığını dilə gətirib.