AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Qırğızıstanın Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan dövlətlərin alimlərinin IV Forumunda iştirak edib.
Tədbir Qırğızıstan Milli Elmlər Akademiyasının təşkilatçılığı və MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə baş tutub. Forumda Qırğızıstan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan və Rusiyanın elm dairələri və ali təhsil müəssisələrinin nümayəndələri, ictimai və dövlət xadimləri iştirak ediblər.
Forumun əsas məqsədi MDB ölkələrinin elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi, elmi məkanın genişləndirilməsinə köməklik göstərilməsi, fundamental elmin vəziyyətinin və rəqəmsal dövrdə perspektivli elmi tədqiqatların həyata keçirilməsi yollarının təhlili, eləcə də MDB ölkələrində təhsildə və elmdə rəqəmsallaşdırma prosesinin təkmilləşdirilməsi olub. Elm xadimləri elmi-texniki əməkdaşlığın inkişaf imkanlarını, müasir rəqəmsal və texniki imkanlar sahəsində təcrübə mübadiləsi və tətbiqi məsələləri müzakirə ediblər.