Akademik Həsən Əliyevin elmə bağlı ömrünün salnaməsi 2021-12-14 00:48:00 / MÜHÜM HADİSƏLƏR

Respublika qəzetində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və Coğrafi fikir tarixi şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyevin Azərbaycanın görkəmli ictimai və elm xadimi, tanınmış coğrafiyaşünas alim, akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Elmə bağlı ömrün salnaməsi” adlı məqaləsi nəşr edilib.

Yazıda bildirilir ki, yorulmaz zəhməti, elmi yaradıcılıq həvəsi, milli-mənəvi təəssüfkeşliyi, talenin uğurlu qisməti nəticəsində böyük zirvələri fəth etmiş alimin ömür coğrafiyasının yaradıcılıq xəritəsi olduqca əhatəli və məzmunludur.  Həsən Əliyev  XX əsr Azərbaycanın elm tarixində milli coğrafiyaşünaslığın, təbiətşünaslığın və müasir ekocoğrafiyaşünaslığın qloballaşması naminə yeni ideyalar və tədqiqi metodikalarla zənginləşdirmiş nəhəng elm dahilərindən biri olub.

Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edir.  O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə həmişə böyük əhəmiyyət verirdi.

Hazırda bu böyük alimin elmi-konstruktiv tətbiqi fikirləri ölkəmizdə davamlı aqrar islahatların hərtərəfli inkişafında, ekocoğrafi problemlərin həllində gərəkli təcrübə kimi istifadə olunur.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024