REA prezidenti: “Azərbaycan-Rusiya Yol Xəritəsi” hər iki ölkənin elmi qurumlarının gələcək əlaqələrinin inkişafında böyük əhəmiyyətə malik olacaq” 2021-11-26 22:43:00 / MÜHÜM HADİSƏLƏR

Bu fikirləri ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev bu gün AMEA Rəyasət Heyətində rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü zamanı bildirib.

Akademik A.Sergeyev Rusiya və Azərbaycan arasında zəngin tarixə malik dostluq və səmərəli tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

2021-ci ilin Rusiyada “Elm və texnologiya ili” elan edildiyini diqqətə çatdıran REA prezidenti bunu Rusiya elmi üçün əlamətdar hadisə kimi qiymətləndirib. Akademik A.Sergeyev son illərdə Rusiya elmində böyük elmi nailiyyətlərin əldə olunduğunu deyib, ölkədə elm və texnologiyanın inkişafına xidmət edən əhəmiyyətli layihələrin icra edildiyini vurğulayıb.

REA prezidenti son illər ərzində AMEA ilə müxtəlif elmi istiqamətləri, xüsusən də təbiət və texniki elmləri əhatə edən 60-a yaxın sazişin icra olunduğunu bildirib. O, 2019-cu ilin may ayında AMEA və REA arasında elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi və s. məsələləri nəzərdə tutan elmi-texniki əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladıb.

A.Sergeyev əməkdaşlıq çərçivəsində Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi, ekoloji problemləri, Xəzər dənizinin iqlim və demoqrafik şəraitə təsiri, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tibb və farmakologiya, tarix, arxeologiya və etnoqrafiya kimi sahələrin əsas elmi istiqamətlər kimi müəyyən edildiyini qeyd edib.

REA prezidenti bu əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yeni sənədlərin qəbul edilməsi zərurəti yarandığını qeyd edərək, bu məqsədlə bugünkü tədbirdə imzalanması nəzərdə tutulan “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin hər iki ölkənin elmi qurumlarının gələcək əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini deyib.

Akademik A.Sergeyev ölkələr arasında elmi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə, birgə elmi tədqiqatların aparılacağına əminliyini bildirib, bugünkü tədbirin bu baxımdan böyük töhfələr verəcəyinə inamını ifadə edib.

https://science.gov.az/az/news/open/18934