AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Əvvəlcə iclas iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixində dönüş yaradan şanlı qələbə münasibətilə iclas iştirakçılarını təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günə geri qaytardığı torpaqlarda böyük quruculuq işlərinin getdiyini diqqətə çatdıran baş direktor vaxtı ilə evlərini tərk edən qaçqınların doğma yurda dönə biləcəklərini və çiçəklənən Qarabağda yaşayacaqlarını, ölkəmizdə artıq bir nəfər də qaçqının olmayacağına diqqəti çəkib. Z. Eminov çıxışında eyni zamanda İnstitut əməkdaşlarının hazırladıqları “Qarabağın coğrafiyası” monoqrafiyasının qələbəmizə bir töhfə olduğunu xüsusi qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək ərazimizin bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələrdən, xalqımızın yenilməzliyindən, Qarabağda gedən quruculuq işlərindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı aparıcı rolundan danışıb.
Sonra AMEA akademik H.Ə.Əliyev adına ilk ərazi partiya təşkilatının sədri Bibixanım İbrahimovanın hesabatı dinlənilib. O, VI qurultaydan sonrakı dövr ərzində görülən işlərdən danışıb.
Yap sədrinin hesabatı qənaətbəxş hesab edilib. Daha sonra təşkilatın yeni seçilən sədr və sədr müavini təsdiq edilib. Səsvermə nəticəsində Bibixanım İbrahimova sədr, Məhbubə Fətullayeva sədr müavini seçilib.
Tədbirdə çıxış edən c.ü.f.d. Etibar Bədəlov I Vətən müharibəsində Şuşa uğurunda gedən döyüşlərdə iştirakından söz açıb, Vətənimizin azadlığı uğrunda canından keçərək bu şanlı qələbəni bizə bəxş edən şəhidlərimizə, qazilərimizə və cənab prezidentə borclu olduğumuzu qeyd edib.
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova çıxışında bildirib ki, YAP-ın aktiv gəncləri sıralarında olaraq keçirilən bütün konfrans və iclaslarda iştirak edib. O, Partiyanın 29-cu ildönümü, Zəfər bayramı münasibəti ilə təşkil olunan tədbirlərdə olub, şəhid və qazi ailələri ilə görüşlər keçirib, 44 günlük müharibə dönəmində fəal vikipediyaçı kimi informasiya cəbhəsində uğurlar qazanıb.