2013-cü il, aprelin 24-ündə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi illik hesabat yığıncağı keçirildi.İclasda Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və Prezident Aparatının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə iştirak edirdi.
Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik A.A.Əlizadə açdı. Dünyasını dəyişən alimlər bir dəqiqəlik sükutla yad edildilər. Sonra akademiyanın baş elmi katibi akademik V. Fərzəliyev AMEA-nın 2012-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsilə çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə akademiklər A.Məhərrəmov, İ.İbrahimov, T.Bünyadov və başqaları çıxış edərək məruzəni müsbət qiymətləndirdilər. AMEA-nın bir illik fəaliyyəti haqqında hesabat açıq səsvermə yolu ilə “yaxşı” qəbul edildi.
Yığıncaqda ikinci məsələ AMEA-nın prezidentinin seçılməsi idi. Akademik A.Namazova çıxış edərək AMEA-nın prezidenti vəzifəsinə akademik A.Əlizadənin namızədliyini irəli sürdü. Gizli səsvermə keçirmək üçün akademiklər U.Ələkbərov, T.Bünyadov, T.Əliyev, Z.Səmədzadə, V.Məmmədəliyevdən ibarət say komissiyası yaradıldı. İclasda akademiyanin 48 həqiqi üzvündən 44 nəfəri iştirak edirdi. Gizli səsvermənin nəticələrinə görə akademik Akif Əlizadə yekdilliklə AMEA-nın prezidenti seçıldi.