Azərbaycan kəhrizlərinin atlası hazırlanıb 2021-10-13 16:42:00 / ELMİ İCLASLAR

Baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında İnstitutun dissertantı Rauf Əmənov "Azərbaycan kəhrizlərinin ikidilli atlasının” hazırlanması mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, adı çəkilən atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Azərsu ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.

R.Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında  məlumatlar toplanıb.

Layihəyə əsasən  azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.