Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu 2025-ci ildə aparılan tədqiqatlarla ölkə iqtisadiyyatına və ekoloji idarəetməyə töhfə verib.

 İnstitut istilik mövsümü xəritələri, elektron su atlası və su ehtiyatlarının monitorinqi, həmçinin Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modellərini hazırlayıb. Bu işlər ekoloji tədqiqatlar, suvarma siyasəti, təbii ehtiyatların qorunması və turizm marşrutlarının planlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

 Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, 3D modellər ərazinin coğrafi quruluşunu daha realistik şəkildə görməyə imkan yaradır:

 "Bu modellərin köməkliyi ilə ekoloji tədqiqatları aparmaq, landşaft planlaşdırılması işini həyata keçirmək və turizm marşrutlarını təyin etmək mümkün olur. Coğrafiya İnstitutu bu 2025-ci il ərzində ArcGİS 10.5 proqramı, OpenStreetMap (OSM) məlumatları və Rəqəmsal Elevasiya Modeli (DEM) əsasında Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb. İlkin mərhələdə ArcGİS mühitində OpenStreetMap verilənləri əsasında ərazi sərhədləri müəyyən edilib, əsas topoqrafik və landşaft elementləri seçilib. Daha sonra məlumatlar ArcScene proqramına inteqrasiya edilərək relyef modeli qurulub, hündürlük rasterləri və meşə örtüyü layları 3D formatda vizuallaşdırılıb.

 Elektron su atlasının hazırlanması və su ehtiyatlarının monitorinq işinin aparılması günümüzün ən aktual məsələlərindən biridir. Coğrafiya İnstitutunun tədqiq etdiyi 73 çayın mövcud vəziyyəti peyk və CİS texnologiyaları vasitəsilə izlənib. Elektron su atlasının su ehtiyatlarının idarəedilməsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Toplanan məlumatlar gələcəkdə su ehtiyatlarının idarə edilməsi üzrə qərar qəbuletmə proseslərində, həmçinin ekoloji və aqrar planlaşdırmada baza məlumatı kimi istifadə oluna bilər. Gələcək mərhələlərdə bu məlumatların hidroloji modellərlə inteqrasiyası, su ehtiyatlarının dəyişmə tendensiyalarının süni intellekt əsaslı proqnozlaşdırılması və rəqəmsal su resursları atlasının hazırlanması məqsədəuyğun hesab edilir.

 İstilik mövsümü və iqlim dəyişikliyi ilə bağlı aparılan tədqiqatların əsas məqsədi mövcud təbii resurs potensialından istifadəyə və gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin həllində bir vasitə kimi istifadə edilə bilər. Su ehtiyatlarının azalması, kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi, insan sağlamlığı və s. bu kimi yaranan problemləri alimlər iqlimdə baş verən dəyişikliklərlə əlaqələndirirlər. 

 İstilik mövsümü və iqlim dəyişiklikləri ilə bağlı aparılan tədqiqatlar əsasən təbii risklərin (istilik dalğaları, infeksiyalar) artmasının və biomüxtəlifliyin itkisinin qarşısını almaq üçün uyğunlaşma və yumşaltma tədbirlərinin (yaşıllıqların artırılması, təmiz enerji, səmərəli su idarəçiliyi, ekoloji təmiz nəqliyyat) hazırlanmasında tətbiq edilə bilər".

Informator.az

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2026