Son illərdə böyük şəhərlərdə park və yaşıllıq sahələrinin azalması əhalinin fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərir. Ekspertlər bildirirlər ki, əhalinin artması və şəhərsalma planlarının qeyri-bərabər aparılması nəticəsində yaşıl sahələr sürətlə azalmaqdadır.

 Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, yaşıllıqların azalması həm ətraf mühitə, həm də şəhər ekosistemində ciddi mənfi təsir göstərir, astma, allergiya və ürək-damar xəstəliklərinin artmasına səbəb ola bilir:

 "Çünki yaşıllıqlar ilk növbədə havadakı toz və çirkləndiriciləri filtr kimi tutaraq havanı təmizləyir. Şəhər mühitində yaşıllıqların azalması sənaye və nəqliyyat emissiyalarının daha çox artması ilə müşahidə olunur. Bəzi mütəxəssislər hesab edirlər ki, yaşıllıqların azalması şəhərlərdə istilik adası effektini gücləndirir. Elmi araşdırmalar göstərir ki, yaşıllıqların azalması insanlarda stres, depressiya və psixoloji gərginliyi artırır, şəhər estetikasını və həyat keyfiyyətini aşağı salır. Bütün bunlar şəhərlərdə ekoloji tarazlığı pozur, insan sağlamlığına zərər vurur, iqtisadi itkilərə səbəb olur. Bu səbəbdən şəhər planlaşdırılmasında yaşıllıqların qorunması və artırılması son dərəcə vacib məsələlərdən biridir. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində şəhərlərdə ağac pasportları, xəritələmə və inventarizasiya sistemi, yəni mövcud ağacların, yaşıllıqların, parkların siyahısı aparılır, onların məlumat bazası yaradılır. Bu da yaşıllıqların planlı idarə olunmasına və qorunmasına yardım edir. Son illər şəhərlərdə tikinti işlərinin sürətlə aparıldığını müşahidə edə bilirik. Məhz bu baxımdan, yeni inşa edilən binalar planlaşdırılan zaman yaşıl dəhlizlərin və ekoloji koridorların yaradılması işi nəzərə alınmalıdır. Beləliklə, yaşıllıqların qorunması və artırılması şəhər ekosistemin davamlılığını təmin edər. Hesab edirik ki, “yaşıl şəhər” ideyası həyata keçirilməli və istənilən şəhər mühiti davamlı idarəetmə, texnologiyadan istifadə və innovativ üsullarla həyata keçirilməlidir".

 Mövzu ilə bağlı açıqlamasında tələbə Nuray Qədirli bildirib ki, şəhərdə yaşıl yerlərin azalması bizim gündəlik həyatımıza çox təsir edir:

 "Məsələn, parklar azaldıqca istirahət etmək, hava almaq və sakitləşmək üçün yerlər tapmaq çətinləşir. Mən özüm də dərsdən sonra bir az dincəlmək üçün yaşıl məkanlara gedirdim, amma indi belə yerlər azaldığı üçün stress daha çox hiss olunur. Həmçinin, idmanla məşğul olmaq üçün açıq, təmiz havalı meydançalar olmayanda fiziki aktivlik də azalır. Yaşıl sahələr həm sağlamlıq, həm də psixoloji rahatlıq üçün çox vacibdir. Şəhərdə bu cür yerlərin azalması gənclərin və tələbələrin həm motivasiyasına, həm də gündəlik rifahına təsir göstərir".

İnformator.az

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2026