Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Xəzərin ekoloji vəziyyəti ilə bağlı həyəcan təbili çalaraq fəlakət təhlükəsinin yaxınlaşdığını bildirib. O, həmçinin 2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinin başa çatdırılacağını vurğulayıb. Bu yanaşma həm ekoloji problemləri, həm də regionun rəqəmsal inkişafını gündəmə gətirir.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, ualtı kabellər telekommunikasiya siqnallarını aparmaq üçün istifadə edilir:
"Bu tip kabellər hətta qitələr arasında telekommunikasiya əlaqələrinin qurulmasında istifadə edilir. Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi qlobal güc deməkdir. Bu xətt müasir rabitə şəbəkəsi olmaqla yanaşı, davamlığın təminatı deməkdir. Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xəttinin əsas üstünlüyü isə Asiya ilə Avropanı birləşdirən telekommunikasiya körpü rolunu oynamasıdır. Biz bilirik ki, müasiz zamanda məlumatların əldə edilməsi və ötürülməsi sosial-iqtisadi inkişafın ilkin piramidası hesab olunur. Bu baxımdan, fiber-optik kabel xəttinin Xəzər dənizinin dibi ilə çəkilməsi həm Azərbaycanı, həm də Qazaxıstanı regionda rəqəmsal infrastruktur gücünü artıracaqdır".
Həmçinin müsahibimiz bildirib ki, Xəzər dənizi dünyanın ən unikal su hövzələrindən biridir:
"Xəzər dənizinin ən mühüm və daimi gündəmdə olan problemi onun səviyyə tərəddünü ilə bağlıdır. Xəzər dənizinin səviyyə tərəddünü ilə əlaqədar olaraq, biz sıra ekoloji problemlər özünü daha qabarıq şəkildə göstərir. Müasir zamanda Xəzərin problemini qlobal istiləşmə, təbii fəlakətlər, Xəzərətrafı dövlərlərin inşa etdiyi yeni su anbarları və s. ilə əlaqələndirirlər. Bu tip problemlər Xəzər dənizinin ekosisteminə mənfi təsir göstərir, onun canlı aləminin məhvinə gətirib çıxarır. Bunu biz əyani olaraq suitilərin və nərəkimi balıqların sayının kəskin azalmasında görə bilirik. Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı “həyacan təbili” isə artıq çoxdan bizləri narahat edən problemlərdən biri hesab olunur. Çünki Azərbaycanın təsərrüfat strukturunun formalaşmasında Xəzər dənizinin rolu qaçılmazdır. Xəzər dənizi ölkənin dayanıqlı iqtisadiyyatının aparıcı qüvvəsi hesab olunur. Bu baxımdan, Xəzər dənizinin müxtəlif səbəblərdən (çirkab suların Xəzər dənizinə axıdılması, hasilat sənayesində baş verən qəzalar nəticəsində neft ləkələrinin əmələ gəlməsi və s.) çirklənməsi regiona, onun ekoloji vəziyyətinə, insanların sağlamlığına və ətraf mühitə ciddi təsir göstərir. Bu tip təsirlərin qarşısının alınması hər zaman dövlətin maraqları daxilində olub və müntəzəm olaraq onlara qarşı müvafiq tədbirlər görülür".
Son olaraq ekspert bildirib ki, rəqəmsal inkişaf yalnız bir region üçün deyil, dünyanın əksən inkişaf edən və inkişaf etməkdə olar dövlətlərinin iqtisadi-ticarət əlaqələrinin qurulmasında, məlumat mübadiləsində, sosial həyat tərzinin yüksəldilməsində mühüm bir vasitə hesab olunur:
"Yaxın gələcəkdə məhz Xəzər dənizinin dii ilə fiber-optik kabel xəttinin çəkilməsi dünyanın Azərbaycana maraqlarını bir qədər də artıracaqdır. Azərbaycan artıq regional güc strukturu kimi deyil, dünya miqyasında bir gün nümayiş etdirə bilən ölkə kimi öz potensial imkanlarını bir qədər də artıracaqdır. Bu istiqamətdə Azərbaycana yalnız uğurlar arzu edirəm".
Gövhər Qafarova