“Xəzər dənizinin səviyyəsi son 30 ildə - 1995-ci ildən başlayaraq bu günə qədər azalmaqdadır”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri, Xəzərşünas alim, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev deyib.
Onun sözlərinə görə, bu müddət ərzində dənizin səviyyəsi təxminən iki metr enib. Şöbə müdiri söyləyib ki, səviyyə enməsinin əsas səbəbi su balansının dəyişməsi ilə əlaqədardır. Su balansı dedikdə isə Xəzərə tökülən sularla ondan axan sular nəzərdə tutulur.
Xəzərə tökülən suların 80 faizinin Volqa çayının payına düşdüyünü xatırladan Ə.Əliyev bildirib ki, son illərdə Volqanın suyunda da 30 faizə qədər azalma müşahidə olunur: “Bunun da səbəbi Volqa çayı hövzəsinə düşən yağıntıların miqdarının az olmasıdır. Bu yağıntılar da əsasən siklon və antisiklonlar vasitəsilə Şimali Atlantik okeanından gəlir. Son illərdə onların istiqaməti dəyişdiyinə görə azalma müşahidə edilir. Lakin ümumiyyətlə tarixə nəzər salsaq, Xəzərin səviyyəsində periodiklik olduğunu görə bilərik. Bu, elmi tədqiqatlarda da müəyyən olunub”.
Son 200 il ərzində Xəzərin səviyyəsi üzrə ən yüksək göstəricinin 1805-ci ildə qeydə alındığını xatırladan alim deyib ki, indiyədək müxtəlif vaxtlarda dənizin suyunda enmə və qalxmalar da müşahidə olunub: “İndiki vaxtla müqayisə etsək, bu, 4-5 metr daha yüksəkdir. Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Xəzərin səviyyəsinin Bakı qalasını 2 arşın ötdüyünü yazmışdı. Dediyim kimi, bu, proses periodik hadisədir. Əgər bu periodik proses davam edərsə, bu səviyyə bugünkündən 1,5 metr də aşağı enəcək. Təxminən 2040-2050-ci ildə bu proses yekunlaşmalıdır”.
Professor onu da vurğulayıb ki, Xəzər hazırda dünya okeanı səviyyəsindən 29 metr aşağıdadır. O hesab edir ki, bununla yanaşı bu məsafə 31 metrə qədər düşə bilər: “Çünki bu pediordiklik tarixə nəzər saldıqda müşahidə edilir. Xəzər üzrə 150-200 metr, hətta kilometr məsafədə suyun geri çəkildiyi ərazilər mövcuddur. Keçmişdə Pirallahı adası ilə quru ərazini birləşdirmək üçün damba inşa olunub və artıq həmin quru yolun kənarlarından da suyun geri çəkildiyi müşahidə olunmaqdadır. Suyun səviyyəsinin sürətlə geri çəkilməsi nəticəsində ada Abşerona birləşə bilər. Səviyyə bugünkündən bir neçə metr aşağı düşərsə, adanın quruya birləşməsi qaçılmazdır. Bunların da hamısı iqlimlə əlaqədardır. Su balanslarının elementlərini təhlil edən iqlimdir. Hazırda il ərzində suyun səviyyəsi 10-15 sm aşağı düşür”.
Ə.Əliyev həmçinin qeyd edib ki, Çilov adası ilə Pirallahı adası arasında olan ərazilərdə də suyun səviyyəsi aşağı düşüb: “Orada da birləşməni biz müşahidə edə bilərik. Lakin bu, səviyyənin düşmə tempindən də asılıdır. Eyni zamanda Xəzər sanki canlı orqanizmdir və öz-özünü tənzimləyir. O, nə çox aşağı düşə, nə də yuxarı qalxa bilər. Dənizinin səviyyəsi keçmişdə həmişə qalxıb və enib. Bu proses gələcək də davam edəcək”.
İsmayıl Bakuvi