Qlobal iqlim dəyişmələri planetimizdə ciddi problemlər yaradır. Həmin problemlərdən biri də Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalmasıdır. Bu isə Xəzər dənizinin tədricən quruması ehtimalı barədə proqnozların dövriyyəyə buraxılmasına gətirib çıxarıb.
Əvvəlcə bir suala cavab axtardıq: Xəzər dənizində suyun səviyyəsi niyə azalır?
AMEA-nın Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Teleqraf-a açıqlamasında deyib ki, Xəzər qapalı su hövzəsidir, okeanla birbaşa əlaqəsi olmadığı üçün dənizin səviyyəsi onun su balansı ilə müəyyən olunur.
Səid Səfərovun sözlərinə görə, Xəzər dənizində su balansının gəlir hissəsini çayların gətirdiyi su, səthinə düşən atmosfer yağıntıları təşkil edir:
“Qara-Boğaz-Qol körfəzinə axan su və yeraltı suların gətirdiyi də əlavə sudur. Hazırkı vəziyyətdə onların miqdarı azaldığı üçün, adətən, bu həcm Xəzərin su balansında ciddi rol oynamır. Xəzərin su balansının çıxar hissəsi isə səthindən buxarlanmadır.
Xəzərədə suyun səviyyəsinin azalmasına səbəb qeyd etdiyim 3 amilin dəyişməsidir. Xəzərə gələn su, xüsusilə, Volqanın gətirdiyi su azalır və buxarlanma artırsa, səviyyə aşağı düşməyə başlayır. Bunun əksi baş verdikdə isə səviyyə artır. Bu problem Xəzər yaranandan başlayıb, həmişə də davam edib. Müəyyən dövrlərdə onun səviyyəsi artıb, sonra aşağı düşüb. Səbəblər də müxtəlif olub, bəzən hətta tektonik amillər də rol oynayıb. Zəlzələlər nəticəsində onun dibi ya çöküb, ya da qalxıb. Çökdükdə səviyyə aşağı düşüb, qalxdıqda isə səviyyəsi artıb”.
Suyun azalmasına əsas səbəb nədir?
Mütəxəssis hazırkı dövrdə səbəblər arasında qlobal istiləşmə ilə əlaqədar bir faktorun da ortaya çıxdığını və bunun əsas amil kimi nəzərə çarpdığını deyib:
“Temperaturun artması Xəzərin səthindən buxarlanmanı kəskin şəkildə artırıb. Temperatur artdıqca kənd təsərrüfatı üçün lazım olan suyun miqdarı da artır, bütün canlıların suya tələbatı çoxalır. Xəzər dənizinin səviyyəsi mövsümü dəyişikliklərə də uğrayır. Yazda çaylarda sululuq artdıqda Xəzərin səviyyəsi yüksəlir, avqust ayından növbəti yaza qədər isə əks proses gedir”.
Ötən illə müqayisədə vəziyyət necədir?
S.Səfərov Xəzərin hazırkı səviyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 17 sm aşağı olduğunu bildirib.
“Ötən il 28,67 m idisə, indi 28,84 m-dir. Bu çox neqativ göstəricidir. Əgər hər il bu qədər aşağı düşsə, 10 ilə səviyyə 1,70 metr aşağı düşər. Yanvar ayı ilə müqayisə etsək, hazırda səviyyənin təxmini 13 sm artdığını görərik. Bu əsas göstərici deyil. Əsas göstərici illik orta səviyyədir, buna baxsaq, 14-15 sm aşağı düşüb”, - o əlavə edib.
Xəzər dənizində suyun azalması hansı təhlükələr yaradır?
S.Səfərovun sözlərinə görə, səviyyənin düşməsi suyun keyfiyyətinə, yəni duzluluğuna təsir göstərir:
“Səviyyə aşağı düşdükdə suyun dənizdə həcmi azalır, çirkləndiricilərin konsentrasiyası və duzluluq artır. Bu da Xəzərdə yaşayan canlıların illərdir yaşadığı mühitinin dəyişməsinə və neqativ şəraitin yaranmasına səbəb olur. Xəzərin səviyyəsinin aşağı düşməsi onun biosisteminə, biomüxtəlifliyinə, dəniz gəmiçiliyinə çox mənfi təsir edir. Qaz, neft nəqlində problemlər yaranır.
Məsələn, hazırda Xəzərdə suitinin populyasiyası kəskin aşağı düşüb. Bir çox alimlər hesab edirlər ki, Xəzər dünya iqliminin bir laboratoriyasıdır. Qlobal iqlim Xəzərə təsir etdiyi kimi, Xəzərin səviyyəsinin dəyişməsi də qlobal iqlimə təsir edir. Məsələn, Abşeron yarımadasında iqlimin yumşaldılmasında Xəzər dənizinin çox böyük rolu var. Qışda kəskin soyuqların, yayda kəskin istilərin qarşısını alır”.
Problemi necə aradan qaldırmaq olar?
S.Səfərov hazırda Xəzərin səviyyəsinin aşağı düşməsinin insan fəaliyyətindən az asılı olduğu fikrindədir.
“Bu kimi məsələlərdə bütün dünya dövlətlərinin fəaliyyəti vacibdir. Sonuncu COP29-da da Xəzərin səviyyəsinin aşağı düşməsi problemi müzakirə olundu. Bu, elə bir problemdir ki, Xəzərdə həmişə olub. Hazırda suyun səviyyəsinin kəskin dəyişməsini qlobal istiləşmə müəyyənləşdirir. Xüsusən, son 10 ildə temperatur artımı rekord səviyyədədir.
Bu məntiqlə qlobal istiləşmənin qarşısını almaq, onun sürətini azaltmaq ən vacib məsələlərdən biridir. Dünya təşkilatlarının bu istiqamətdə gördüyü tədbirlər hələ ki kifayət etmir”, - şöbə müdiri vurğulayıb.
Proqnozlar gələcəklə bağlı nə deyir?
S.Səfərov deyib ki, müxtəlif iqlim ssenariləri əsasında aparılan tədqiqatlar əsrin sonuna qədər atmosferə atılan karbon qazının miqdarından asılı olaraq havanın temperaturunun 5 dərəcəyə qədər yuxarı qalxa biləcəyini göstərir: “Bu isə Xəzərin səviyyəsinə daha mənfi təsir göstərə bilər.
Avropa, alman, holland alimləri də bu məsələyə qarışıblar, proqnozlar verirlər. Əgər Paris razılaşmasına əməl olunarsa, əsrin sonuna qədər Xəzərin səviyyəsi 9 m aşağı düşə bilər. Əksinə olarsa, 18-21 m aşağı düşəcək. Bu isə Xəzəryanı ölkələr və dünya iqlimi üçün çox böyük zərbə olar. Problemin qarşısını almaq üçün ilk növbədə qlobal şəkildə beynəlxalq təşkilatların, böyük dövlətlərin köməyi ilə qlobal istiləşmənin qarşısı alınmalıdır. Əks halda bu tendensiya davam edəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bildirib ki, Xəzərdə su həcminin azalması ilk növbədə su gətirən çaylarda sululuğun azalması, həm də dənizin səthində gedən buxarlanmanın artmasından qaynaqlanır.