Süni intellekt (Sİ) texnologiyaları son illərdə sürətlə inkişaf edir və iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynamağa başlayır. Bu texnologiyalar iqlim proqnozlarının dəqiqliyini artırmaq, karbon izlərinin azaldılması və bərpa olunan enerji mənbələrinin daha effektiv istifadəsi üçün istifadə olunur. Süni intellekt vasitəsilə iqlim dəyişikliklərinin təsirlərinin qabaqcadan təhlili, təbii fəlakətlərin risklərini azaltmaq və ekosistemlərin qorunması kimi mühüm sahələrdə yeniliklər mümkün olur.

Coğrafiya İnstitutunun elmi işçisi, Coğrafi İnformasiya Sistemləri (GİS) üzrə mütəxəssis Nazim Gəraylı Crossmedia.az-a verdiyi açıqlamada ölkədə iqlim dəyişikliyini öyrənmək üçün müasir metodların tətbiq edildiyini qeyd edib. Onun sözlərinə görə, bu metodların çoxu süni intellektin yaratdığı imkanlar sayəsində həyata keçirilir. Nazim Gəraylı vurğulayır ki, süni intellekt yalnız iqlim deyil, bütün coğrafi komponentlərin öyrənilməsi üçün də geniş imkanlar təqdim edir.

Son illərdə yüksək dəqiqliyə malik texnologiyaların iqlim öyrənilməsində istifadəsi sayəsində daha dəqiq məlumatların əldə olunması mümkün olub. Peyk şəkilləri və müxtəlif sensorlardan toplanan məlumatlar xüsusi proqramlarla emal edilir və bu, daha dəqiq nəticələrə nail olmağa imkan verir. 

Gəraylı qeyd edir ki, süni intellektin istifadəsi müsbət nəticələrə gətirib çıxaracaq, xüsusən də ekoloji idarəetmə sahəsində avtomatlaşdırılmış sistemlərin köməyi ilə daha effektiv işlərin görülməsi gözlənilir.
Ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin böyük töhfəsi var. Nazim Gəraylı hesab edir ki, Avropada həyata keçirilən layihələri pilot layihələr kimi ölkəmizdə də tətbiq etmək mümkündür. Eyni zamanda, yeni startaplar və innovativ ideyalar ekoloji dayanıqlığı artırmağa kömək edəcək.

Bununla yanaşı, ekoloji layihələrin idarə olunmasında süni intellektin tətbiqinin yeni bir mərhələ olduğunu bildirir. Ancaq süni intellektin geniş tətbiqi əmək bazarına da təsirsiz ötüşməyəcək. Əvvəllər bir işin icrası üçün 4-5 nəfərin əmək sərf etdiyi halda, süni intellektin istifadəsi ilə bu, artıq 1-2 nəfərlə həyata keçirilə bilər. Bu isə əmək bazarında işsizlik və rəqabətin artmasına səbəb ola bilər.

https://www.crossmedia.az