Azərbaycanda son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır. Bunu "Report"a açıqlamasında Coğrafiya İnstitutunun icraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani deyib. O bildirib ki, bir sıra mütəxəssislər normadan artıq yağan yağışları iqlim dəyişikliyi ilə əlaqələndirirlər: "Ümumi tendensiyalarda nisbilik müşahidə edilir. Lakin yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır. Son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, bəzən normadan 3-5 dəfə artıq yağış düşür. Bu da fəsadlara səbəb ola bilir". Z.İmrani əlavə edib ki, təbii fəlakətlərdən heç bir dövlət sığortalanmayıb, dünyanın bir çox ölkəsində belə hallar baş verir.