Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib. 2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, bu layihə çərçivəsində Xəzər dənizinin bir neçə hissəsində, Sumqayıt və Şüvəlanda suyun duzsuzlaşdırılması planlaşdırılır:

 

“Bəzi tədqiqatlar da aparılır. Duzsuzlaşdırılma əsasən Abşeron yarımadasına aid olacaq. Yarımadada ölkə əhalisinin çox hissəsi yerləşməsinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Bütün ehtiyatlarımız kənardan gəlir. Lakin bu, o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyaca uyğun şəkildə ondan istifadə edəcəyik. Hazırda içdiyimiz suyu ağaclara da veririk. Bu, böyük faciədir. Dəniz suyunun duzsuzlaşdırılması ilə bununla bağlı gərginliyi aradan qaldıra bilərik”.

Şöbə müdiri diqqətə çatdırıb ki, suyun duzsuzlaşdırılması zamanı dənizdən bir miqdar su götürülür və emala verilir:

“Xəzərdə suyun səviyyəsi sürətli şəkildə düşməyə davam edir. Su nə qədər çirkli olarsa bir o qədər də tullantı olacaq. Xəzər dənizində neft tullantıları var və bu duzsuzlaşdırmaya təsir edir. Dəniz suyunu duzsuzlaşdırarkən su ən alt təbəqələrdən götürülür. Bu zaman xüsusi borularla dənizin dərinliklərindən su çəkilir. Başqa yerə aparılaraq suyun tərkibində olan duzlar, maddələr təmizlənir və yalnız içməli su qalır. Bəzən isə duzsuzlaşıdırılma elə dənizin içində aparılır. Bunun üçün böyük vəsait lazımdır. Əgər tullantılar yenidən Xəzərin sahilinə və ya özünə töküləcəksə, bu işin yalnız dənizə zərəri olacaq. Getdikcə bütün dünyada dəniz suyunun duzsuzlaşdırılması prosesi ucuzlaşır”.

https://publika.az