Bəs Xəzərin suyu niyə quruyur?

Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev İqtisadiyyat.az-a açıqlamasında bu sual ətrafında fikirlərini bölüşüb.

Xəzər dənizinin Yer kürəsində ən böyük qapalı su hövzəsi olduğunu xatırladan professor iqlimdə baş verən proseslərin onun səviyyəsinə həmişə təsir etdiyini söyləyib.

Məhz bu təsirlər səbəbindən Xəzərin səviyyəsinin daim qalxıb-endiyini vurğulayan mütəxəssisin sözlərinə görə, son 200 il ərzində bunun əsas səbəbi, yəni 85% iqlim, 10% tektonik proses, 5% isə antropogen təsirlərdir:

Son 100 ildə Xəzərdə suyun səviyyəsi 2,5 metr aşağı düşüb

"Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən aparılmağa başlayıb və bu müddət ərzində Xəzərdə suyun səviyyəsinin kəskin dəyişməsi ilə bağlı 3-4 period qeydə alınıb. 1929-cu ildən 1977-ci ilə qədər Xəzərin səviyyəsi 3 metr aşağı düşüb. 1978-dən 1995-ci ilə qədər isə səviyyə 2,5 metr qalxıb. 1996-cı ildən bu günə qədər səviyyə təxminən 2 metr aşağı düşüb. Xəzərin səviyyəsinin düşüb-qalxmasının əsas səbəbi qeyd etdiyim kimi Xəzər regionunda baş verən iqlim prosesləridir ki, bunlar nəticəsində Xəzərin su balansı formalaşır. Xəzər dənizinin su balansı dedikdə Xəzər dənizinə gələn, daxil olan sular və Xəzərdən gedən sular nəzərdə tutulur. Xəzər dənizinə daxil olan sular əsasən çay sularıdır ki, burada da 80-85% Volqa çayı əsas paya sahibdir. Amma gedən sularda isə əsas rolu Xəzər dənizi səviyyəsinin buxarlanması oynayır. Bu iki proses arasında münasibət səviyyəni təyin edir. Əgər gələn su ilə buxarlanma bərabərdirsə, səviyyə dəyişmir. Gələn su buxarlanmadan çoxdursa, səviyyə qalxır, əksinə olduqda isə səviyyə azalır. Səviyyə qalxan zamanlarda - 1978-1995-ci illərdə Xəzər dənizinə əvvəllki illərə nisbətən hər il təxminən Volqa çayından 50 kub km su artıq gəlmişdi. Bunun nəticəsində səviyyə qalxmışdı".

Xəzərə tökülən sular da azalıb, buxarlanma isə artıb

İnstitutun şöbə müdiri vurğulayıb ki, son illərdə isə Xəzər dənizində buxarlanma çoxalıb və bunun nəticəsində Volqa çayının gətirdiyi su 30%-ə qədər azalıb: "Həmçinin Xəzərin "baseyni" dediyimiz Volqa hövzəsi ərazisinə tökülən yağıntıların miqdarı son illərdə kəskin sürətdə azalıb. Bunun da əsas səbəbi qlobal iqlimdə baş verən dəyişmələrdir. Belə ki, bu əraziyə su siklonlar və antisiklonlar vasitəsilə gəlir. Qərb axınları dediyimiz Atlantik okeanından gələn siklonlar özləri ilə rütubət çox gətirirlər və əraziyə çoxlu yağıntı düşür. Həmin o "baseyni" dediyimiz əraziyə tökülən sular Xəzərə daxil olur. Son illərdə siklonların sayı azaldığına görə, antisiklonlar çoxalıb. Antisiklonlar Şərq ərazilərindən gələn sulardır və onlar əsasən quru hava gətirir, ona görə də orada su qıtlığı yaranır. Bu nöqteyi-nəzərdən Xəzərə tökülən suların miqdarı azalır və nəticədə Xəzər dənizinin səviyyəsi getdikcə enir".

Xəzərin suyunun azalmsı nəticəsində 40 min hektara yaxın ərazi su altından çıxıb

Xəzər dənizinin səviyyəsinin qalxdığı 1978-dən 1995-ci ilə qədər olan dövrdə 50 min hektar Azərbaycan ərazisinin su altında qaldığını xatırladan professor bildirib ki, baş verən bu proses nəticəsində ölkəmizin kənd təsərrüfatına 2 milyard dollara qədər ziyan dəyib: "İndi isə proses tərsinə baş verir. Deməli, o vaxt müəyyən olunmuşdu ki, Xəzər dənizinin səviyyəsi 1 santimetr qalxanda təxminən 200 hektar Azərbaycan ərazisi su altında qalır. İndi isə əksinə cərəyan edən proses nəticəsində həmin ərazilər su altından çıxır. Hazırda Azərbaycan ərazisində səviyyənin 2 metr aşağı düşməsi nəticəsində təxminən 38 min hektar su altından çıxmış ərazi var".

Alim vurğulayıb ki, 1977-ci ildə Xəzərin səviyyəsi bugünkündən təxminən 30-40 santimetr aşağı olub. O, suyun səviyyəsinin bundan sonra da 1-1,5 metr də aşağı düşəcəyinin proqnozlaşdırıldığını söyləyib:

Suyun çəkildiyi sahilyanı ərazilərdə niyə obyekt tikmək olmaz?

"Bu müddət ərzində əgər Baltik sistemi ilə - 29 metrə gəlib çıxsa, yəni 1977-ci il səviyyəsindəki kimi olsa, əlavə olaraq ərazilərimizin təxminən 13 min hektarı da su altından çıxacaq. Həmin çıxan torpaqlardan istifadə etmək istəyirlər. Amma nəzərə almaq lazımdır ki, Xəzərdə 100 illik dəyişmələr var. Məsələn, Xəzərdə ən yüksək səviyyənin 1805-ci ildə bügünkündən 5-6 metr yuxarı olduğu müəyyən olunub. O gündən bu günə qədər Xəzərin səviyyəsi aşağı düşüb. Bu proses təxminən 2050-ci ilə qədər davam edəcək. 2050-dən sonra yenidən Xəzərin səviyyəsində qalxma baş verəcək. Ona görə də Xəzərin səviyyəsinin belə dəyişmələrinə adaptasiya olmaq lazımdır. Həmin o su altından çıxan ərazilərdə isə çox böyük obyektlər tikmək məsləhət deyil. Çünki Xəzərin səviyyəsi qalxanda onlar su altında qalacaqlar. Ümumiyyətlə, son 4 min ildə aparılan müxtəlif coğrafi, arxeoloji, tektonik müşahidələr göstərir ki, 250 ildən bir Xəzərin səviyyəsində enmə və qalxmalar olur. Bu proses Xəzər üçün qəbul edilmişdir. İndi 250 il onun enmə periodudur. Dediyim kimi, təxminən bu əsrin ortalarına qədər enmə dövrü davam edəcək. Enmə dövrünün içərisində kiçik qalxmalar da ola bilər. Amma ümumi tendensiya enmə dövrüdür. 2050-ci illərdə bu dövrün qurtaracağı nəzərdə tutulub".

https://iqtisadiyyat.az