“1995-ci ildən bugünə qədər Xəzər dənizinin səviyyəsinin təxminən 2 metr aşağı düşməsi nəticəsində dənizin Azərbaycan sektorunda 38 min hektara yaxın torpaq üzə çıxıb”.

Bunu “Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev deyib.

Xəzər dənizinin səviyyəsinin mütəmadi olaraq dəyişdiyini nəzərə çatdıran professorun sözlərinə görə, 1978-1995-ci illərdə suyun səviyyəsi qalxdığı zaman Azərbaycanda 50 min hektar sahə su altında qalmışdı: “İndi bu su geri çəkilib, təxminən 38 min hektar torpaq üzə çıxıb. Sahil relyefindən asılı olaraq, bəzi yerlərdə dəniz 100, bəzi yerlərdə 200, 300, 400 metr geri çəkilib. Nəticədə dəniz sahilindəki limanlara gediş-gəliş çətinləşib, balıqçılıq sənayesi problemlərlə üzləşib. Suyun geri çəkilməsinin mənfi tərəfləri olsa da, müsbət tərəflərindən biri süni torpaq sahələrinin əmələ gəlməsidir ki, bu torpaqlardan da gələcəkdə səmərəli şəkildə istifadə etmək olar”.

Mütəxəssis hesab edir ki, həmin ərazilərdən kurort, sanatoriya tikintisi, çimərlik zonası kimi istifadə etmək mümkündür. Bu əraziləri yumaqla onlardan kənd təsərrüfatı məqsədi üçün də faydalanmaq olar: “Xəzərin suyunun ən çox geri çəkildiyi ərazi cənub bölgəsidir. Abşeron yarımadası tərəfdə geri çəkilmələr olsa da, bu, cənub bölgəsi qədər çox deyil. Lənkəran, Astara, Neftçala rayonlarında, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində su altından çıxan torpaqlar ümumi olaraq su fondu torpaqlarından ayrılan sahələrin 70-80 faizini təşkil edir”.

Alim əlavə edib ki, Xəzərin səviyyəsinin 2050-ci ilədək 1,5 metrə qədər enəcəyi, 2050-ci ildən sonra yenidən qalxacağı proqnozlaşdırılır: “Amma həmin ərazilərin yenidən su altında qalma ehtimalı çox azdır. Bu ərazilərdən 50-60 il geniş istifadə etmək olar”.

Qeyd edək ki, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi Milli Məclisdə 1-ci oxunuşda qəbul edilib. Layihəyə əsasən, həmin bölmədə tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq. Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür. Eyni zamanda, süni torpaq sahəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

https://vergiler.az