Paleocoğrafiya elmi ölkəmizdə əsasən ötən əsrin 60-70-ci illərindən təşəkkül tapmağa başlamışdı və ilk dəfə olaraq 1962-ci ildə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda  professor, geologiya-mineralogiya elmləri doktoru Rəsul Sultanovun rəhbərliyi ilə Paleocoğrafiya şöbəsi yaradılmışdır. Sonralar bu şöbəyə görkəmli alim, akdemik, geologiya-mineralogiya elmləri doktoru Ələşrəf Məmmədov rəhbərlik etmişdir. Geologiya, geomorfologiya və coğrafiya elmlərinin təmaslarında formalaşan bu elmi istiqamət Azərbaycan üçün nisbətən cavan hesab edilir və o üzdən paleocoğrafiya sahəsində iz qoymuş alimlərimizi barmaqla saymaq olar. Onlardan biri də 2003-2013-cü illərdə Paleocoğrafiya şöbəsinin rəhbəri olmuş geologiya-mineralogiya elmləri doktoru, professor Bayram Cavad oğlu Ələsgərovdur.

B.Ələsgərov 1934-cü il yanvar ayının 16-da  Gədəbəy rayonunun Miskinli kəndində anadan olub. O, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji- coğrafiya fakültəsinin daxil olmuş, 1965-ci ildə oranı  mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdın sonra  təyinatla Azərbaycan Geologiya İdarəsinə göndərilmiş və 1966-cı ilədək orada geoloji-axtarış və planalma dəstəsində çalışmışdır.

B.Ələsgərov 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitunun Paleocoğrafiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1969-cu ildə aspiranturanı bitirdikdən sonra  şöbədə saxlanılmış və  o vaxtdan ömrünün sonunadək burada çalışmışdır. 1969-1971-ci illərdə kiçik elmi işçi, 1971-1991-ci illərdə böyük elmi işçi, 1991-2003-ci illərdə baş elmi işçi və nəhayət, 2003-cü ildən 2013-cü ilə, yəni ömrünün sonuna qədər   həmin şöbənin müdiri vəzifələrində işləmişdir.

Həyatının 48 ilini Coğrafiya İnstitutu ilə bağlayan Bayram müəllim ölkəmizdə paleocoğrafiya elminin təşəkkülünə dəyərli töhfələr vermişdir. O, 1970-ci ildə “Şəmkir və Zəyəm çayları hövzələrinin antropogendə paleocoğrafiyası” mövzusunda namizədlik, 1989-cu ildə isə «Pleystosendə Azərbaycanın paleocoğrafiyası» mövzusunda doktorluq dissertasiyasını  müdafiə edərək  paleocoğrafiya ixtisası üzrə Azərbaycanda ilk elmlər namizədi və doktoru olmuşdur.

“Paleocoğrafiya” şöbəsi təşkil olunduqdan sonra şöbədə ilk yüksək ixtisaslı mütəxəssis kimi püxtələşən B.Ələsgərov Azərbaycanda bu elmin inkişafının bünövrəsini qoyan tədqiqatçılardan olmuşdur. Onun təşəbbüsü  və yaxından  iştirakı ilə  Kiçik Qafqazda  Şəmkir və Zəyəm çayları hövzələrində, Şamaxı-Qobustan vilayətində və Qanıx-Əyriçay vadisində Dördüncü dövrün  kontinental və  dəniz çöküntüləri, vulkan külləri, basdırılmış torpaqlar tədqiq edilmiş və onların toplanması, əmələ gəlməsi şəraitləri öyrənilmişdir. Həmin çöküntülərin tərkibində aşkar edilmiş spor-tozcuqların və eləcə də onların  mineroloji-qranulometrik təhlili əsasında Dördüncü dövrün müxtəlif əsrlərində mövcud olmuş təbii şərait bərpa olunmuş və müvafiq  paleocoğrafi xəritələr tərtib edilmişdir. Sonralar bu sahədə aparılan tədqiqatlar Azərbaycanın bütün ərazisini əhatə etmişdir.

B.Ələsgərovun tədqiqatları Kür çökəkliyi, Böyük və Kiçik Qafqaz dağları, Naxçıvan və Talış-Lənkəran ərazilərinin paleocoğrafiyasının öyrənilməsinə həsr edilmişdir. İşlədiyi illər ərzində o, yerinə yetirilən elmi tədqiqat işlərinə həsr olunmuş 20-ə qədər sanballı elmi hesabatın əsas icraçılarından olmuşdur. Bütün bunların nəticəsi olaraq, B.Ələsgərov  Dördüncü dövrün ayrı-ayrı əsrləri üzrə Azərbaycan ərazisinin 1:500000 miqyaslı paleocoğrafi xəritələr silsiləsindən olan paleoiqlim, paleobotaniki, paleolandşaft, paleoekoloji və s. xəritələri və müxtəlif bölgələrin çoxsaylı spor-tozcuq diaqramlarını tərtib etmişdir.

Onun elmi maraq dairəsi geologiya və coğrafiya elmlərinin bir çox sahələrini əhatə edirdi. Belə ki, B.Ələsgərov  Xəzər dənizinin Dördüncü dövrdəki inkişaf tarixinə, səviyyə tərəddüdlərinə, transqressiya və reqressiyaların baş vermə səbəblərinə dair geniş tədqiqat işləri apararaq, bu sahəyə dair çoxlu sayda  elmi məqalələrlə çıxış etmişdir. Onun tədqiqatları  Xəzər dənizinin səviyyə tərəddüdlərinin geoloji keçmişdə və müasir dövrdə bilavasitə qlobal iqlim dəyişmələri ilə əlaqədar olduğunu deməyə imkan vermişdir.

B.Ələsgərov Şərqi Qafqazda baş vermiş Dördüncü dövr buzlaşmalarına dair geniş tədqiqat işləri aparmış və həmin   dövrün  ayrı-ayrı əsrlərində mövcud olmuş buzlaq formalarının relyefdə yaxşı saxlanılmasını nəzərə almaqla palinoloji üsulla buzlaşma əsrlərinin xronoloji bərpasına nail olmuşdur.

Bayram müəllimin paleocoğrafi tədqiqatları Azərbaycan ərazisində paleolit insanlarının məskunlaşması tarixinin və onların paleoekologiyasının öyrənilməsinə də dəyərli töhfələr vermişdir. O, həmkarları  və arxeoloqlarla birlikdə ölkəmizin qədim insan məskənlərində, o cümlədən Azıx, Tağlar, Damçılı mağara düşərgələrində geniş tədqiqat işləri aparmışdır. Bu tədqiqatların nəticəsi olaraq Azıx mağara düşərgəsində aşkar edilmiş  arxeoloji materiallar əsasında ölkəmizin dünyanın ən qədim insan məskənlərindən biri  olduğu sübut edilmişdir.

B.Ələsgərovun yaxından iştirakı ilə ilk dəfə olaraq, Azərbaycanın Son  Kaynozoy çöküntülərinin radiometrik işlənməsi nəticəsində həmin dövrün stratiqrafik şkalasında ciddi dəyişikliklər edilmişdir, Dördüncü dövrün stratiqrafik sxemində də həmkarları və digər tədqiqatçılarla  birlikdə bir sıra dəyişikliklərin və dəqiqləşdirmənin aparılmasında fəal iştirak etmişdir.

B.Ələsgərovun tədqiqatlarının əsas nəticələri onun çoxsaylı elmi əsərlərində, o cümlədən, həmmüəllifi olduğu və Londonda nəşr olunmuş iki cilddən ibarət Avrasiya şelflərinin litoloji-paleocoğrafi xəritələrdən ibarət atlasında əksini tapmışdır. O, 20-yə qədər elmi hesabatın və 150-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın həmmüəllifi və müəllifidir. O, bir çox beynəlxalq və respublika miqyaslı elmi konfransların, simpoziumların iştirakçısı olmuş, Azərbaycan elmini dəfələrlə Türkiyədə, İranda, Polşada, Baltikyanı respublikasında, MDB məkanında yüksək səviyyədə təmsil etmişdir.

B.Ələsgərov akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi-pedoqoji və ictimai işlərində də fəal iştirak etmişdir. O, uzun illər İnstitutun Elmi və dissertasiya  müdafiəsi Şuralarının üzvü və dissertasiya müdafiəsi üzrə Kiçik Elmi  Şuranın sədri olmuşdur. Bayram müəllim dəfələrlə Bakı Dövlət, Gəncə Pedaqoji və Lənkəran Dövlət universitetlərinin Dövlət İmtahan komissiyalarının sədri,  Lənkəran Dövlət və Gəncə Pedaqoji universitetlərində aspirantura və magistraturaya qəbul üzrə komissiyaların üzvü olmuşdur. B.Ələsgərov Bakı, Lənkəran və Sumqayıt Dövlət  universitetlərində, habelə Odlar Yurdu Universitetində pedaqoji fəaliyyət göstərmiş, xüsusi ixtisas fənlərini tədris etmiş, gənc mütəxəssis kadrların yetişdirilməsində önəmli xidmətlər göstərmişdir.

B.Ələsgərov paleocoğrafiya şöbəsinin formalaşmasına, gənc alim  kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi altında 7 nəfər elmlər namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi almış, Bakı və Lənkəran Dövlət universitetlərində çoxsaylı magistrlərin elmi rəhbəri olmuşdur.

Yaşasaydı bu gün B.Ələcgərovun 90 yaşı olardı. Coğrafiya İnstitutunun əməkdaşları, xüsusən də onu yaxından tanıyan və onunla birlikdə çalışmış paleocoğrafiya şöbəsinin əməkdaşları Bayram müəllimi həmişə xoş xatirələrlə xatırlayır və bu yubiley ilində  onu hörmətlə yad edirlər. Bayram müəllim öz işini mükəmməl bilən, peşəkar mütəxəssis olmaqla yanaşı, alimlik adına layiq yüksək insanı və tədqiqatçı keyfiyyətlərinə malik vətəndaş idi. O, özünə və ətrafdakılarına qarşı ciddi, tələbkar olmaqla bərabər, alicənab, əməksevər, həssas və hamıya yardım etməyə hazır insan kimi yasddaşlarda yaşayır. Onun əsərləri bu gün də öz aktuallığını saxlayır və Azərbaycanın keçmiş geoloji dövrlərdə mövcud olmuş təbii şəraitin öyrənilməsi və bərpa olunmasında çox qiymətli və zəngin mənbədir.  B.Ələsgərov ömrünü paleocoğrafiya elminə həsr etmiş və bu sahədə iz qoymuş azsaylı alimlərimizdəndir. Allah rəhmət eləsin!

 

Akad. H.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru

professor  Zakir Eminov

Paleocoğrafiya şöbəsiniun aparıcı elmi işçisi

dosent   Rəşid Fətəliyev 

“Elm” qəzeti, 12.01.2024, №01(1398)

Elm qəzeti